11:36
182
“Gələn ilin büdcəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətə 569,5 milyon manat ayrılır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat çıxışında ölkənin iqtisadi yüksəlişi, müdafiə xərcləri, xarici siyasət uğurları və seçicilərinin sosial problemlərinə toxunub:
R.Nəbiyev 1994-cü ildə Azərbaycanın ÜDM-nin cəmi 1,2 milyard dollar, hərbi xərclərinin isə 43 milyon dollar olduğunu xatırladaraq, 2027-ci ildə ÜDM-in 141 milyard manat həcmində proqnozlaşdırıldığını vurğulayıb. O qeyd edib ki, regional və qlobal çağırışlar fonunda gələn ilin büdcəsindən müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manat (2023-cü illə müqayisədə 2,9 milyard manat çox) vəsait yönəldiləcək.
Deputat bildirib ki, Azərbaycan hazırda Böyük Yeddiliyin (G7) dörd üzvü (ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya) daxil olmaqla 30 dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurub: “2027-ci ilin büdcəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətə 569,5 milyon manat nəzərdə tutulub ki, bunun 230 milyon manatı diplomatik nümayəndəliklərin saxlanılmasına, 224 milyon manatı isə beynəlxalq tədbirlərin keçirilməsinə sərf olunacaq”.
Çıxışının sonunda təmsil etdiyi Abşeron rayonunun infrastruktur problemlərinə diqqət çəkən deputat, rəsmi rəqəmlərdə 400 mindən çox göstərilsə də, faktiki əhalinin bundan xeyli artıq olduğunu və mövcud tibb müəssisələrinin tələbatı qarşılamadığını deyib.
O, İqtisadiyyat və Səhiyyə nazirliklərindən Xırdalan şəhərində və ya rayonun münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına prioritet qaydada daxil edilməsini xahiş edib.
R.Nəbiyev çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib.
Günel Elxan