10:20
210.jpg)
Omanın xarici işlər naziri Bədr əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi Maskatda keçirilən görüşdə gəmiçiliyin təhlükəsizliyini və Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirlər dəniz dəhlizlərinin təhlükəsizliyinin, fasiləsiz beynəlxalq gəmiçiliyin və ticarətin təmin edilməsinin vacibliyini, həmçinin siyasi və diplomatik əlaqə kanallarının açıq saxlanılmasının zəruriliyini müzakirə ediblər", – deyə "X" sosial şəbəkəsində dərc olunan bəyanatda bildirilir.
Nazirlikdən qeyd edildiyi kimi, əl-Busaidi və Əraqçi regiondakı vəziyyətin inkişafını, mövcud çağırışları və "gərginliyin azaldılmasının diplomatik variantlarını" nəzərdən keçiriblər. Tərəflərin fikrincə, danışıqlar prosesinin bərpası qarşılıqlı anlaşmanı genişləndirməyə və böhranın daha da böyüməsinin qarşısını almağa imkan verəcək.
Xatırladaq ki, noyabrın 11-də İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf Qətərin "Al Jazeera" telekanalına müsahibəsində Tehran və Maskatın Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölünməsi sistemi məsələlərində qarşılıqlı anlaşma əldə etdiklərini bildirib. O qeyd edib ki, boğazın statusu "müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq". Qalibafın sözlərinə görə, bu müddəa münaqişənin nizamlanması üçün Tehranın irəli sürdüyü yeddi şərt sırasına daxildir.
Məryəm Quliyeva