Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir Siyasət

Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir

Böyük Britaniya ilə Azərbaycanla arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ticarət, innovasiya-təhsil və müdafiə istiqamətləri üzərində qurulub.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.

“Strateji Tərəfdaşlıq ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur, eyni zamanda, həm Britaniya, həm də Azərbaycan vətəndaşları və biznesləri üçün real faydalar vəd edir.

Enerji məsələsi münasibətlərimizin əsas sütunu olaraq qalır və biz üç onillik əməkdaşlığımızın təməli üzərində irəliləyirik. “Xlinks” və “Green Energy Corridor Company” arasında Xəzərin təmiz enerjisinin Avropa bazarına ötürülməsini nəzərdə tutan Anlaşma Memorandumunu alqışlayırıq və bu istiqamətdə görülən işləri dəstəkləyəcəyik”, - diplomat vurğulayıb.

Səfir bildirib ki, iki ölkə arasında əməkdaşlıq yeni sahələri də əhatə edir. Onun sözlərinə görə, London və Bakı fond birjaları arasında əlaqələrin inkişafını dəstəkləyirlər: “Bununla yanaşı, regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarını cəlb etmək üçün azərbaycanlı tərəfdaşlarımızla çalışırıq”.

O, Strateji Tərəfdaşlıq sənədinin təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcəyini bildirib. Səfir bu əməkdaşlığa süni intellekt və rəqəmsal transformasiyanın sürətləndirilməsi, insanların zəruri bacarıqlarla təmin olunması və mühüm sahələrdə gələcəyin iş yerlərinin yaradılması daxil olduğunu vurğulayıb.

Dankan Norman müdafiə və təhlükəsizlik sahəsində olan əməkdaşlığa da toxunub: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır. Lord Kokerin sentyabr səfəri bu tərəfdaşlığa verdiyimiz önəmi bir daha göstərdi. Bu il ilk birgə müdafiə kibertəlimimiz keçirildi və Böyük Britaniya ilə Azərbaycan arasında hərbi təlim əməkdaşlığı indiyədək görünməmiş səviyyəyə çatdı. Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birlikdə təlim keçirlər. Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz ən iddialı proqramdır”.

Səfir bu yaxınlarda Naxçıvana səfər etdiyini də xatırladıb. O əlavə edib ki, Naxçıvan Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malikdir: “Britaniya təcrübəsi artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir. Qarabağda da fəaliyyət göstərən “Chapman Taylor” şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır”.