
“İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu gün Azərbaycanda minlərlə kiçik sahibkar və ailə təsərrüfatı geniş çeşiddə məhsul istehsal etsə də, onların əsas problemi məhsulu satmaqdır: “Biz fermerə toxum, gübrə, subsidiya, sahibkara güzəştli kredit veririk. Ancaq məhsul hazır olduqdan sonra onun harada və kimə satılacağı məsələsi çox vaxt istehsalçının öz üzərinə düşür. Böyük supermarketlərə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma və daşınma imkanlarının məhdudluğu səbəbindən keyfiyyətli məhsullar bazara çıxarıla bilmir”.
R.Nurullayev bu problemin həlli üçün 2027-ci ildən etibarən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adlı vahid dövlət proqramının qəbul edilməsini təklif edib. O, proqram çərçivəsində dörd əsas istiqamət üzrə tədbirlərin görülməsini vacib sayıb:
Dövlət satınalmaları: Məktəb, xəstəxana və uşaq bağçalarının ərzaq təchizatı üzrə tenderlərin daha kiçik lotlara bölünərək ailə təsərrüfatlarının bu bazara çıxışının asanlaşdırılması;
Supermarketlərlə münasibətlər:
Rəf xərcləri, əlavə ödənişlər və uzun ödəniş müddətləri ilə bağlı şəffaflığın artırılması, şəbəkələrdə yerli istehsalçılar üçün xüsusi satış bölmələrinin yaradılması;
Ortaq infrastruktur: Mikro və kiçik sahibkarların laboratoriya müayinəsi və sertifikatlaşdırma xərclərinə dövlət dəstəyinin göstərilməsi, regionlarda ümumi istifadə üçün qablaşdırma mərkəzlərinin qurulması;
Rəqəmsal satış: Kiçik istehsalçıların öz məhsullarını birbaşa mağaza, restoran və son alıcılara təqdim edə biləcəyi rəqəmsal platformaların genişləndirilməsi.
Deputat qeyd edib ki, iqtisadi inkişafı yalnız böyük zavodların tikilməsi ilə ölçmək düzgün deyil: “Ölkəmizdə fəaliyyət göstərən 40-50 min kiçik istehsalçının hər biri orta hesabla 10 nəfəri işlə təmin edərsə, bu, 400-500 min yeni iş yeri deməkdir. İqtisadi uğurun əsas göstəricisi kimi nə qədər məhsul istehsal etdiyimizi deyil, onun nə qədərinin satıldığını və neçə insanın işlə təmin olunduğunu qəbul etməliyik”.
Çıxışının sonunda R.Nurullayev 2027-ci ilin (mümkün olmasa 2028-ci ilin) dövlət büdcəsində bu proqram üçün ayrıca maliyyə mexanizminin nəzərdə tutulmasını və aidiyyəti qurumlara konkret proqram hazırlanması barədə tapşırıq verilməsini xahiş edib.
Günel Elxan