09:04
168
Cənubi Afrika Respublikasında (CAR) son sutka ərzində baş verən iki silahlı hücum nəticəsində 17 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin milli polisi məlumat yayıb.
Qautenq əyalətinin polis komissarı general-leytenant Tommi Mtombeni SABC radiostansiyasının efirində bildirib ki, bazar ertəsinə keçən gecə Pretoriya şəhərətrafı Ceffsvill yaşayış məntəqəsindəki evlərdən birində doqquz nəfər qətlə yetirilib. Ölənlər arasında üç qadın da var. Onun sözlərinə görə, cinayətkarların axtarışına əlavə qüvvələr cəlb olunub. Hələlik saxlanılan yoxdur, hücumun motivləri araşdırılır.
Eyni gecədə naməlum şəxslər Kvazulu-Natal əyalətinin inzibati mərkəzi Pitermaritsburqun ətrafında mikroavtobusu atəşə tutublar. Polis nümayəndəsi polkovnik Robert Netşiundanın sözlərinə görə, hadisə nəticəsində səkkiz kişi öldürülüb. Hücum edənlərin axtarışları davam edir.
Polis hər iki hadisə ilə bağlı hər hansı məlumatı olan sakinlərə müraciət edərək məlumat vermələrini xahiş edib.
Məryəm Quliyeva