Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini dekabrda təsdiqləyəcək Dünya

Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini dekabrda təsdiqləyəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bank sektorunu, kriptoaktivləri və "kölgə donanması" adlandırılan gəmiləri əhatə edəcək yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Məhdudiyyətlərin 22-ci paketinin dekabr ayında qəti şəkildə təsdiqlənəcəyi gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Brüsseldə "kölgə donanması" termini altında Aİ-nin Rusiya neftinə "qiymət tavanı" qoymaq cəhdlərinə məhəl qoymadan, bazar müqavilələri əsasında qanuni şəkildə Rusiya nefti daşıyan və dünyanın istənilən ölkəsinin bayrağı altında üzən tankerlər nəzərdə tutulur.

Nəşrin yazdığına görə, Aİ-nin yeni paketi Avropanın nə qədər irəli getməyə hazır olduğunun hüdudlarını nümayiş etdirir. Xüsusilə, nəşrin məlumatına əsasən, Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinə qoyulan qadağa hazırlansa da, Yunanıstan, Malta və Kiprin inadkar müqaviməti səbəbindən təsdiqlənməyəcək. Həmçinin Dublinin mövqeyinə görə alüminium oksidi (gil-torpaq) də sanksiyalar siyahısına düşməyəcək. Xatırladaq ki, daha əvvəl İrlandiyada bu xammalın ticarətinə heç bir məhdudiyyət olmamasına baxmayaraq, yerli alüminium oksidinin Rusiyaya iri həcmdə tədarükü ilə bağlı xəbərlər fonunda səs-küylü siyasi qalmaqal yaşanmışdı.

Məryəm Quliyeva