“Azərbaycanın əsas gücü liderimizin vizyonudur” Gündəm

“Azərbaycanın əsas gücü liderimizin vizyonudur”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 2027-ci ilin dövlət büdcəsi layihəsini müstəqil, milli maraqlara söykənən və sosial ədalətə əsaslanan dövlət siyasətinin növbəti təntənəsi kimi qiymətləndirib.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi yalnız növbəti maliyyə ili üçün gəlir və xərclərin müəyyənləşdirilməsi deyil, həm də uzunmüddətli dövlətçilik strategiyasının, milli iqtisadiyyatın dayanıqlılığının, maliyyə suverenliyinin və ölkənin strateji hədəflərinin qiymətləndirilməsi baxımından mühüm siyasi, hüquqi və iqtisadi əhəmiyyət daşıyır.

O qeyd edib ki, belə mürəkkəb şəraitdə neft-qaz ölkəsinin büdcə gəlirlərinin 61 faizinin qeyri-neft sektorunun payına düşməsi, Neft Fondundan transfertin ötən illə müqayisədə 7,3 faiz azaldılması, cari xərclərin 90 faizinin qeyri-neft daxilolmaları hesabına hədəflənməsi, sosial xərclərin 1,5 milyard manat artırılması və həssas qrupların təminatına 2,3 milyard manat vəsaitin yönəldilməsi uğur hekayəsidir.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycanın əsas gücü daha geniş imkanlara malik dövlətlər qarşısında liderinin vizyonudur.

“Bu gün Azərbaycan məhz cənab İlham Əliyevin vizyonu və qətiyyəti hesabına qüdrətlidir. Tarixin heç bir dövründə Azərbaycanda mərkəzi hakimiyyət bu qədər sarsılmaz olmayıb”, – deyə deputat bildirib.

O, Biləsuvar rayonunda həyata keçirilən layihələrə də toxunub. Qeyd edib ki, dövlət başçısının xüsusi diqqətinin nəticəsidir ki, Qafqazda ən böyük olan Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisi rayona yeni həyat gətirib. Tikintidə 1000 nəfərə yaxın sakin işə cəlb olunub. Həmçinin son dövrlər Biləsuvarda 15 minə yaxın əhalinin yol problemi həll edilib.

Deputat bu işlərin davamlılığı üçün rayonun xərclər smetasında yolların əsaslı təmirinə ayrılan vəsaitin artırılmasını xahiş edib. Bildirib ki, son iki ildə bu vəsait 5 dəfə azaldılıb. Eyni zamanda, Biləsuvarda 5 məktəbin təmirə, 5 məktəbin və 8 kənddə uşaq bağçasının tikintisinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Bəhruz Məhərrəmov vəkillik fəaliyyəti ilə bağlı məsələyə də diqqət çəkib. O bildirib ki, Vəkillər Kollegiyasının 2026-cı ildə dövlət hesabına hüquqi yardım üçün təqdim etdiyi 13,5 milyon manatlıq proqnozun 9 milyon manata salınması nəticəsində bu ilin sentyabr ayından vəsait tükənib və vəkillər ödəniş ala bilmir.

Deputat keçmiş vəkil kimi bu məsələnin həllini və ümumilikdə hüquqi yardıma ayrılan vəsaitin artırılması imkanlarına baxılmasını xahiş edib.

Günel Elxan