İsveçrə Ukrayna üzrə danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırdır Dünya

İsveçrə Ukrayna üzrə danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırdır

İsveçrə Xarici İşlər Nazirliyi dialoqa dəstək verməyə və Ukrayna böhranının nizamlanması üzrə danışıqları öz ərazisində təşkil etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-ın sorğusuna cavab olaraq nazirliyin rəsmi nümayəndəsi Yonas Montani bildirib.

Daha əvvəl "La Repubblica" qəzeti yazmışdı ki, Avropa İttifaqı rəhbərliyi Ukrayna üzrə danışıqların Avropaya keçirilməsinə çalışır. Belə ki, danışıqların növbəti raundunun Avropa qitəsi ölkələrindən birində, o cümlədən Cenevrədə, Norveçdə və ya Türkiyənin Avropa hissəsində təşkili təklif olunur.

TASS üçün bu nəşri şərh edən Montani qeyd edib ki, Bern "Ukraynada ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləyir". "Federal Xarici İşlər Departamenti də dialoqa yardım etməyə və İsveçrədə görüşlər təşkil etməyə hazırdır", – deyə diplomatik qurumun nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, İsveçrə XİN bütün tərəflərlə əlaqə saxlayır və sülh yolunun tapılmasına kömək etmək üçün mütəmadi olaraq öz xidmətlərini təklif edir.

Məryəm Quliyeva