Fransada kütləvi etiraz aksiyaları gözlənilir Dünya

Fransada kütləvi etiraz aksiyaları gözlənilir

Çərşənbə axşamı, noyabrın 17-də Fransa üzrə həmkarlar ittifaqları tərəfindən elan edilmiş etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, nümayişlərdə regionlarda 220 mindən 300 minə qədər, Parisdə isə 30 mindən 60 minə qədər insan iştirak edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BFMTV telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ötən gün Fransanın daxili işlər naziri Loran Nunyes prefektlərə, polisə və jandarmaya sayıqlığı qorumaq çağırışı ilə teleqram göndərib.

Onun sözlərinə görə, aksiyalar zamanı icazəsiz yürüşlərin keçirilməsi riski mövcuddur ki, onların iştirakçıları da hüquq-mühafizə orqanları ilə toqquşmalara girə və şəhər mərkəzlərinə daxil olmağa cəhd göstərə bilərlər. Nazir həmçinin vandalizm və zorakılıq aktlarının yüksək ehtimalı barədə xəbərdarlıq edib.

Nunyes ictimai asayişi qorumaq üçün zəruri tədbirlər görməyi, səhər saatlarında məktəblərin yaxınlığında təhlükəsizliyə və razılaşdırılıb-razılaşdırılmamasından asılı olmayaraq bütün yürüşlərə nəzarətə xüsusi diqqət yetirməyi tələb edib.

Məryəm Quliyeva