08:55
231
ABŞ Konqresi Senatının Təxsisatlar Komitəsindəki Respublikaçılar Partiyasının nümayəndələri ölkədə oktyabrın 1-də başlayan 2027-ci maliyyə ilində Pentaqonun və kəşfiyyat icmasının ehtiyacları üçün 1,1 trilyon dollar ayrılmasını təklif ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi həmin komitənin saytında dərc edilmiş qanun layihəsində deyilir.
Sənəddən məlum olduğu kimi, ABŞ Hərbi Nazirliyi və kəşfiyyat icması xətti ilə ayrılması təklif olunan təxsisatların ümumi məbləği 1,1 trilyon dollar təşkil edir. Xüsusilə, respublikaçılar "Golden Dome" ("Qızıl günbəz") raket əleyhinə müdafiə sisteminin yaradılması məqsədilə Pentaqona 9,4 milyard dollar, amerikalı hərbçilərə maaşların və onların ailə üzvlərinə müavinətlərin ödənilməsi üçün isə 202,9 milyard dollar ayrılmasını təklif edirlər.
Müxtəlif silahların alınmasına 285,6 milyard dollar, onların işlənib hazırlanması və yaradılmasına isə 203 milyard dollar ayrılması təklif olunur. Bununla yanaşı, silah istehsalı üzrə əlavə müqavilələrin bağlanması və istehsalın sürətləndirilməsi məqsədilə investisiyaların yatırılması üçün Respublikaçılar Partiyasının nümayəndələri daha 47,2 milyard dollar ayrılmasını təklif edirlər ki, bunun da 40,6 milyard dollarını "AMRAAM", "GMLRS", "Patriot", "THAAD", "Tomahawk" və bir sıra digər raketlərin ehtiyatlarının bərpasına yönəltməyi zəruri hesab edirlər.
Pilotsuz uçuş aparatlarının (PUA) və onlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması, yaradılması və alınmasına 6,2 milyard dollar ayrılması təklif edilir. Respublikaçılar hərbi gəmilərin inşası üçün Pentaqona 42 milyard dollar ayrılmasını təklif edirlər. Qanun layihəsi həmçinin Amerika silahlı qüvvələrində gözlənilən yanacaq çatışmazlığının qarşısının alınması üçün 1,7 milyard dollar ayrılmasını nəzərdə tutur.
Sənəd hazırda ABŞ Konqresinin hər iki palatasına nəzarət edən Respublikaçılar Partiyasının nümayəndələri tərəfindən hazırlanıb.
Xatırladaq ki, noyabrın 3-də ABŞ Konqresinə keçirilən aralıq seçkilərin yekunlarına görə, artıq demokratlar hər iki palatada çoxluq əldə edəcəklər. Seçkilərin nəticələrinə əsasən formalaşacaq növbəti, 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.
Məryəm Quliyeva