Yunanıstanın qaz revanşı İqtisadiyyat

Yunanıstanın qaz revanşı

Rəsmi Afina qanun layihəsinə SOCAR-ın DESFA-dan əldə edəcəyi gəlirləri azaldan dəyişiklik təklif edir

Yunanıstanda təbii qaz tarifləri ilə bağlı qanun layihəsinə dəyişiklik qüvvəyə minsə, bu, gələcəkdə SOCAR-ın gəlirliliyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. "Bunu "SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov deyib.
Anar Məmmədovun sözlərinə görə, Yunanıstanın energetika naziri Panos Skourletisin mövcud qanunvericiliyə bəzi dəyişikliklər olunması ilə bağlı etdiyi təklif təəccüblüdür. Baş direktor qanuna edilə biləcək dəyişikliklərin nəticəsini belə şərh edib: "Əgər dəyişiklik qəbul olunsa, bunlar şirkətin DESFA-nı almasına əhəmiyyətli dərəcədə təsir edə bilər. Dəyişiklik qəbul olunsa, SOCAR dərhal rəsmi mövqe nümayiş etdirəcək. Onu deyə bilərəm ki, bu dəyişikliklərin qanuni qüvvəyə minməməsi üçün qarşılıqlı həll yolu tapmaqla bağlı biz Energetika Nazirliyi ilə danışıqları davam etdirməyə hazırıq. Məsələ ilə bağlı nazir Panos Skourletis ilə görüşümüz olub. Nazirin mövqeyi qətidir. Panos Skourletis inanır ki, bu dəyişikliklər yerli qaz bazarının qorunması üçün vacibdir. Nazir bildirdi ki, bunlar Yunanıstan və Avropa qanunvericiliyinə tam uyğundur və özəlləşdirmə prosesi ilə heç bir əlaqəsi yoxdur".
Panos Skourletis də öz növbəsində qeyd edib ki, düzəlişdən sonra əldə olunacaq qiymətlər özəlləşdirmənin şərtlərində və tenderdə öz əksini tapmayıb. Nazir bildirib ki, hökumət DESFA-nın özəlləşdirilməsi məsələsində geri addım atmağı düşünmür.
Yunanıstanın Energetika Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinin sözlərinə görə, hökumət bu qərarla bağlı geri addım atmaq fikrində deyil. O bildirib ki, qanun layihəsi enerjinin qiymətinin azalmasına, o cümlədən Yunanıstanın enerji sənayesinin və istehlakçılarının qorunmasına yardım edəcək. "SOCAR başa düşməlidir ki, bu, hər zaman Yunanıstanın hüquqlarından biri olub və satış müqaviləsinin şərtləri arasına daxil edilməyib", - deyə rəsmi bildirib.
Qeyd edək ki, Yunanıstan hökumət rəsmiləri iddia edir ki, DESFA-nın mövcud şərtlərinə əsasən, SOCAR 400 mln. avroluq zəmanət zərfi qarşılığında şirkətin 66%-lik səhm paketinə sahib olub və bununla da 830 mln. avroluq gəlirin 547,17 mln. avrosuna sahib olmalıdır. Qanunvericiliyə olunan dəyişiklikdən sonra isə bu rəqəm 200 mln. avro azalacaq.
Anar Məmmədov əlavə edib ki, SOCAR DESFA-nın gələcək səhmdarı kimi istər Yunanıstanın qaz istehlakçılarının maraqlarının qorunmasını, istərsə də şirkətin dəyərini təmin edəcək güzəştli həll yolunun tapılmasında maraqlıdır. "830 milyon avro məsələsinə gəldikdə, biz bu ittihamları qəbul etmirik. Birincisi, bu, real rəqəm deyil. Bu rəqəm DESFA-nın maliyyə hesabatlarına daxil edilməyib. Sadəcə şirkətə əvvəlki illərdə əldə olunan mənfəətdən yaranan ehtiyatları kompensasiya etmək üçün verilən "söz"dür. Lakin bəzi səbəblərdən bu da baş tutmadı", - deyə o bildirib.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.