ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib İqtisadiyyat

ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Azərbaycanın da daxil olduğu regional rəqəmsal ticarət layihəsinin icrasına başlayıb.

“APA-Economics” xəbər verir ki, söhbət CAREC Integrated Trade Agenda 2030 sənədinin ikinci mərhələsi üzrə “Rəqəmsal ticarətin sürətləndirilməsi” adlı alt-layihədən gedir. Layihə texniki yardım formatında icra olunacaq və 900 min ABŞ dolları həcmində maliyyə ilə Koreya Respublikasının e-Asia və Knowledge Partnership Fund fondu tərəfindən dəstəklənir. İcraçı qurum ADB-dir.

ADB-nin layihə sənədlərinə əsasən, proqram çərçivəsində Azərbaycan da daxil olmaqla CAREC ölkələrində ticarət sənədlərinin rəqəmsallaşdırılması, elektron ticarət üzrə model qaydaların, prinsiplərin və standartların təşviqi, eləcə də sərhədlərarası məlumat axını üçün idarəetmə çərçivəsinin formalaşdırılması nəzərdə tutulur.

Layihə həmçinin sərhədlərarası rəqəmsal ödənişlərin qəbulunda mövcud məhdudiyyətlərin azaldılmasını, müxtəlif ölkələrdə tətbiq edilən rəqəmsal ödəniş siyasətləri və ödəniş sistemləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasını, eləcə də ticarət proseslərini məhdudlaşdıran texniki və institusional boşluqların azaldılmasını hədəfləyir.

ADB bildirir ki, layihənin icrası nəticəsində Azərbaycan da daxil olmaqla CAREC ölkələrinin regional və qlobal rəqəmsal ticarət şəbəkələrinə inteqrasiyasının güclənəcəyi gözlənilir, dövlət və ticarət qurumlarının siyasət formalaşdırma, koordinasiya və icra potensialı artırılacaq, həmçinin rəqəmsal ticarət üzrə bilik və institusional imkanlar genişləndiriləcək.

Qeyd edək ki, layihə CAREC Integrated Trade Agenda 2030 çərçivəsində regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, eləcə də CAREC proqramı üzrə qəbul edilmiş Bakı Bəyannaməsi daxil olmaqla, iqlim, innovasiya və ticarət sahələrində regional siyasət sənədləri ilə uyğunluq təşkil edir.