“Turizm qiymətlərinin tənzimlənməsi lazımdır” İqtisadiyyat

“Turizm qiymətlərinin tənzimlənməsi lazımdır”

Ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq

Tərlan

"Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alaraq qiymətlərin tənzimlənməsi turizm sahəsində də lazımdır". Bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Onun sözlərinə görə, bu məsələ 3 il öncə gündəmə gəlib: "Təxminən iki il müddətində - 2012-2013-cü illərdə biz qiymətlərin artırılmasına imkan vermədik. Hətta üç il öncə bu məsələ qalxanda biz qiymətlərin 20 faiz aşağı düşməsinə nail olduq". Nazir bildirib ki, bu siyasət davamlı olacaq: "Qiymətlərin enməsi rəqabətin və xidmətin səviyyəsindən asılıdır. Nə qədər ki, rəqabətə davamlı təşkilatlar olacaq, o zaman qiymətlər də aşağı düşəcək".
Nazir vurğulayıb ki, bu sahənin inkişafı üçün dövlət proqramı nəzərə tutulub. Proqrama əsasən, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq: "Turizm zonasının inkişaf konsepsiyası sərmayəçilərə imkan verəcək ki, onlar həmin ərazidə dövlət qanunlarına uyğun olaraq tikinti aparsınlar və bu sahəni inkişaf etdirsinlər".
Hər halda turizm sahəsində müəyyən artım müşahidə olunur. 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9051-ə, ölkəyə gələn turistlərin sayı 767 mindən 2 milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479,0 milyon ABŞ dollarınadək yüksəlib.
Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edə bilər. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub.
Azərbaycan hökuməti Bakı şəhəri ətrafında, Abşeron yarımadasında bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir. Belə ki, Türkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Pirallahı, Hövsan qəsəbələri, eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq. Böyük Bakının Regional İnkişaf Planına əsasən, Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək uzadılacaq, ərazidə idman-sağlamlıq və əyləncə obyektləri tikiləcək. Ümumilikdə isə, bu layihə çərçivəsində yeni parkların salınması üçün 500 hektar ərazinin ayrılması nəzərdə tutulub.
Əslində turizm şirkətlərinin arzu olunan səviyyədə fəaliyyət göstərməsi üçün onların maddi imkanları olmalıdır. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması və qiymətlərin bahalığıdır. Rayonlarımızda bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Müasir oteldə yalnız səhər yeməyi daxil iki nəfərlik bir otağın sutkalıq qiyməti 70 manat, üç nəfərlik 80 manatdır. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 manatdır. Elə Azərbaycana gələn turistlər də burada qiymətlərin və xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların sözlərinə görə, Azərbaycana gəlmək üçün xərclədikləri təkcə təyyarə biletinin puluna başqa ölkələrə səyahət etmək mümkündür.
Ötən ilin yay mövsümündə ölkədə 516 oteldə monitorinq keçirilib. Monitorinq zamanı Xaçmaz, Quba, Mingəçevir və Astaranın hər birində bir otelin lisenziyası ləğv edilib, ölkə üzrə 40 otelə isə rəsmi xəbərdarlıq olunub. Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən çox xarici turlar daha əlverişlidir. Əslində Azərbaycanda turizm xidmətləri hədsiz dərəcədə baha olduğundan azərbaycanlılar qonşu ölkələrə - Türkiyə, Rusiya və Gürcüstana getməyə üstünlük verirlər. Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla bol) ilə zəngin olsa da, insanlar Rusiya kurortlarına üz tuturlar. 1000 dollara yol pulu da daxil Rusiyada və ya Gürcüstanda iki-üç həftə həm istirahət etmək, həm də müalicə almaq mümkündür. Bütün bunları nəzərə alsaq, hətta hökumət yerli turistləri əlverişli qiymətlər və yüksək xidmət hesabına ölkə daxilində saxlaya bilmir. Bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir.
Mənfi cəhət ondan ibarətdir ki, ölkəmizdə turizm qiymətləri yüksəkdir. Ancaq rəqəbət qabiliyyətinə görə Gürcüstandan geri olmağımız inandırıcıdır. Çünki qonşu ölkədə qiymətlər ucuzdur. Ötən il Azərbaycana gələnlərin sayı 2 milyon nəfərə yaxın göstərilir. Bu isə qonşu ölkədəkindən ən azı iki dəfə azdır. Şübhəsiz ki, Gürcüstanın turistlər üçün cəlbediciliyi bu ölkədə qiymətlərin qonşu ölkələrlə müqayisədə çox ucuz olması ilə bağlıdır. Hətta Türkiyə və Azərbaycan vətəndaşları istirahət üçün öz ölkələrindən daha çox Gürcüstanı seçirlər. Çünki həm ucuzluqdur, həm də xidmətlərin keyfiyyəti qənaətbəxşdir.