Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilir İqtisadiyyat

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilir

​Bu gün Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilir.

"APA-Economics"in məlumatına görə, iclasda iştirak etmək məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Arkan Al-Şeybanin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İraqlı qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İraq sıx tarixi, dini və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırılıb ki, gələn il Azərbaycanla İraq arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək.

Nazir Rəşad Nəbiyev İraq nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. Müharibədən sonra İraq Parlamentinin rəhbərliyi və millət vəkilləri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təbrik məktublarının ünvanlanmasından duyulan məmnunluq ifadə olunub.

Sonra Rəşad Nəbiyev Azərbaycanda nəqliyyat, rabitə və rəqəmsal transformasiya sahələrində görülən və planlaşdırılan işlər, eləcə də ölkəmizin makroiqtisadi göstəricilərini diqqətə çatdırıb.

​İclasda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün güclü potensialın olduğu vurğulandı. Ticarət, iqtisadiyyat, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparıldı.

​İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanacaq.

​Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.