Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü dövlət modeli formalaşdırılıb - Sevil Mikayılova Siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü dövlət modeli formalaşdırılıb - Sevil Mikayılova

Bu həftə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksində sakinlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Bu gün tam əminliklə demək olar ki, şəhid ailələri, qazilərə dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir. Pezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez şəhid ailələri, müharibə işirakçıları, müharibə əlilləri ilə görüşür, onların problemləri ilə maraqlanırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Döyüşlərdə yaralanmış, sağlamlığını itirmiş qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunur.

"Bu həftə, müqəddəs Ramazan bayramında şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunması Prezident İlham Əliyevin sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqətinin mühüm tərkib hissələrindəndir.

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosialyönümlü dövlət modeli formalaşdırılıb. İstər pandemiya və ondan sonrakı dövrdə, istərsə də müharibə və postmüharibə dövründə Azərbaycan dövləti daim sosial həssas qrupları öz nəzarətində saxladı və saxlayır. Postmüharibə dövründə əhalinin həssas qruplarına diqqət və qayğı daha da artıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Bu dövr ərzində şəhidlərin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib.

Ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub",- deyə millət vəkili bildirib.

Qazilərin normal həyata qayıtması məsələsinə də toxunan S.Mikayılova bildirib ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

S.Mikayılova onu da əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən məmurlar qarşısında da ciddi tələblər qoyulub ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı daim olmalıdır:

"Əlbəttə ki, bu həssas qruplara olan qayğı ancaq dövlətin gördüyü işlərlə məhdudlaşmamalıdır, cəmiyyət olaraq biz də bu prosesdə aktiv iştirak etməliyik. Düşünürəm ki, Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi birliyi bu gün də nümayiş etdirir, bu gün də xalq öz dövlətinin yanındadır, öz qazisinə, şəhid ailəsinə sahib çıxır.

Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva başda olmaqla hər bir Azərbaycan vətəndaşı və hökumətimiz daim onların yanındadırlar. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətimizin prioritet istiqamətidir və əminik ki, onların rifahı üçün hərtərəfli sosial tədbirlər davamlı olacaq".