“Belə hərəkətlər Göyçəyə, Qərbi Zəngəzura qayıdışımızı sürətləndirəcək”-Sahib Alıyev Siyasət

“Belə hərəkətlər Göyçəyə, Qərbi Zəngəzura qayıdışımızı sürətləndirəcək”-Sahib Alıyev

“Müdafiə Nazirliyimiz xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecədən başlayaraq iyunun 21-i səhər saatlarınadək bizim qədim yurd yerlərimizdə- Qarakilsənin Saybalı, Basarkeçərin Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçının Minkənd və Kəlbəcərin Yellicə kəndindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Biz son bir ayda ən çox da ordumuzun Kəlbəcərdəki mövqelərinin davamlı atəş altında saxlandığını görürük. Özü də bizim mövqelərimiz yuxarıda qeyd olunduğu kimi ötən əsrdə haylara peşkəş edilən qədim yurd yerlərimizdən vurulur”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib. S.Alıyev bildirib ki, əgər Ermənistan bu cür təxribatlara əl atmaqla Paşinyanın ötən günlərdə açıq şəkildə dilə gətirdiyi kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin hərbçilərini Azərbaycanla sərhəd boyu yerləşdirməyi planlaşdırırsa, bu plan da ondan öncə olduğu kimi başına dəyəcək: “Üstəlik belə hərəkətlər haylara peşkəş edilən həmən torpaqların əsl yiyələrinin ora-yəni Aşağı Şorcaya, Saybalıya-bütövlükdə Göyçəyə, Qərbi Zəngəzura və digər yurd yerlərimizə qayıdışlarını daha da sürətləndirəcək. Mən buna əminəm!”.