“İran Gürcüstana ucuz qaz satmayacaq” Siyasət

“İran Gürcüstana ucuz qaz satmayacaq”

Mübariz Əhmədoğlu: "İran qazının Gürcüstana Ermənistan vasitəsi ilə nəql olunması qeyri-mümkündür"

Ermənistan prezidenti Serj Sərkisyan Surb Gevork kilsəsinin təmirdən sonra yenidən açılması məqsədi ilə Gürcüstanda səfərdə oldu. Ermənistan prezidentinin son vaxtlar kilsə açılışları mərasimində iştirakı faktdır. İmkanlı ermənilər Ermənistanda və dünyanın digər yerlərində kilsələrin tikilməsinə və bərpasına diqqəti artırıblar. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan qonorar müqabilində bu kilsə açılışlarında şəxsən iştirak edə bilər: "Gümrüdə katolik kilsəsinin fəaliyyətinə icazə verməsi də Sərkisyanı erməni Qriqoryan kilsəsinə diqqəti artırmasının səbəbi ola bilər. Onun Gürcüstana səfərinin kilsə açılışı ilə rəsmən əlaqələndirilməsi də sadəcə bəhanə və ya səfərin əsil məqsədini gizlətmək üçün nəzərdə tutulmuş tərtibat da ola bilər. Erməni Apostol kilsəsinin Gürcüstan Yeparxiyasının başçısı V.Mizəxanyan S.Sərkisyanın Gürcüstana səfərindən cəmi 3 gün əvvəl müsahibə verir, Surb Gevorq kilsəsinin təmirinin başa çatmasını və unikallığını tərifləyir, amma, S.Sərkisyanın və II Qareginin iştirakı ilə açılışdan bircə kəlmə də danışmır. Müsahibənin ümumi tonu da prezidentin iştirakı ilə açılışa hazırlığa uyğun deyildi".
Politoloq qeyd edib ki, Tbilisidə S.Sərkisyan prezident, Baş nazir və parlamentin spikeri ilə görüşlər keçirdi: "B.İvanişvilinin özü ilə söhbət etdi. Bu görüşlər haqqında erməni tərəfinin yaydığı məlumatlarda vurğu regional əhəmiyyətli infrastruktur, o cümlədən enerji proqramlarının inkişafı üzərindədir. Gürcüstanın Baş nazirinin müavini, Energetika naziri K.Kaladzenin Azərbaycan qazına ciddi səylə, bəlkə də təlaşla alternativ qaz axtarması diqqəti çəkir".
M.Əhmədoğlu sonra əlavə edib ki, Qazaxıstan və Rusiyadan alternativ qaz ala bilməyən Kaladze üzünü İrana çevirib: "Bu məsələ ermənilər, xüsusi ilə S.Sərkisyan üçün üçün maraq kəsb edə bilər. İki aspekt xüsusi ilə diqqət mərkəzindədir:
I. Gürcüstan rəsmilərində görünür, Azərbaycandan gələn qazın kəsiləcəyi barədə məlumatlar var. Əks təqdirdə belə tələsik addımlar atmazdılar. Normal vəziyyətdə Azərbaycandan Gürcüstana nəql olunan qazın kəsilməsi mümkün deyil. Amma son vaxtlar Ermənistan rəsmiləri və yüksək çinli hərbçiləri Azərbaycanın neft-qaz kəmərlərini raket zərbələri ilə partladacaqlarını bəyan ediblər. Müdafiə naziri S.Ohanyan bir necə dəfə Dağlıq Qarabağ müharibəsinin digər dövlətin ərazisinə keçirməklə hədələyib. Son hərbi insidentlər Ermənistan ordusunun Azərbaycan ordusundan qat-qat zəif olduğunu aşkarladı. S.Ohanyanın "müharibəni digər dövlətin ərazisinə keçirmək" anlayışı Gürcüstan ərazisini də əhatə edə bilər. Azərbaycanın neft qaz kəmərləri və dəmir yolu Gürcüstan ərazisindən keçir. Gürcüstan ərazisində Azərbaycanın güclü iqtisadi infrastrukturları var. Ermənistan Gürcüstan ərazisində Azərbaycana qarşı müharibə variantı hazırlaya bilər".
Politoloq hesab edir ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların tez-tez həbs olunması, onların geri qaytarılmaması, Gürcüstan rəsmilərinin Ermənistanın girov götürdüyü Gürcüstan vətəndaşı olan azərbaycanlılarla maraqlanmaması da diqqəti çəkir: "Görünür, Ermənistanın Gürcüstan ərazisində Azərbaycana qarşı müharibə variantı hazırlamasından Gürcüstanın bəzi rəsmilərinin xəbəri var. Bəzilərinin bu variantın reallaşmasında iştirakı da mümkündür.
II. İkinci aspekt Gürcüstanın İrandan aldığı qazı Ermənistan ərazisindən nəql olunması ilə bağlıdır. İran qazının Gürcüstana Ermənistan vasitəsi ilə nəql olunması qeyri-mümkündür. Əvvəla, İran Gürcüstana ucuz qaz satmayacaq. Ikincisi, Ermənistanla Gürcüstan arasında lazımi infrastruktur yoxdur. Üçüncüsü, belə infrastrukturu tikməyə bu üç dövlətdən heç birisinin imkanı yoxdur. Dördüncüsü, bu layihə antiAzərbaycan mahiyyətlidir. İran belə antiAzərbaycan addımı ata bilməz. Belə alınır ki, İran qazını Ermənistan ərazisindən Gürcüstana nəqlı ideyası prezident S. Sərkisyana referendum zamanı təbliğat resursu kimi lazımdır. Məsuliyyətli dövrdə Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vurmaq isə S.Sərkisyan üçün desert ola bilər".