İndoneziya saytları Azərbaycanın Zəfər Günü ilə bağlı məqalələr yayıb Siyasət

İndoneziya saytları Azərbaycanın Zəfər Günü ilə bağlı məqalələr yayıb

İndoneziyanın “minanews.com”, “koranpelita.com”, “sinarpaginews.com”, “ratalnews.com”, “kanalindonesia.com”, “mediago.id”, “gpriority.co.id”, “jakartasatu.com”, “inilah.com” və digər nüfuzlu xəbər portallarında Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin baş elmi işçisi, jurnalist Veeramalla Anjaiahın “Azərbaycan Zəfər Gününün ikinci ildönümünü qeyd edir” başlıqlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın noyabrın 8-də Ermənistanın onilliklər boyu Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün ikinci ildönümünü böyük sevinc və qürurla qeyd edəcəyi, iki il əvvəl Azərbaycan Ordusunun ölkəmizin Şuşa şəhərini Ermənistanın işğalından azad etdiyi qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin sitat gətirildiyi məqalədə Şuşanın 1992-ci il mayın 8-də işğal edildiyi bildirilib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatı çərçivəsində əks-hücuma keçərək, işğal altında olan torpaqları azad edərək, Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatan 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etdiyi vurğulanıb. Azərbaycanda sentyabrın 27-nin müharibədə şəhid olanların xatirəsinə Anım Günü elan edildiyi qeyd olunub. Müəllif 44 günlük Vətən müharibəsi haqqında, azad edilmiş ərazilər və məntəqələr, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat barədə geniş məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təsis olunduğu məqalədə qeyd edilib. Müəllif dövlətimizin başçısının keçən il Cıdır düzündə keçirilən tədbir zamanı səsləndirdiyi “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq…” sözlərini sitat gətirib. Həmçinin Bakıda Vətən müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlığını və böyük tarixi qələbəsini nümayiş etdirən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasının qərara alındığı haqqında məlumat verilib.

Məqalədə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən, yeni layihələrdən də söz açılıb.

Müəllif Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik ölkə, əhalisinin əksəriyyətinin müsəlmanlar olduğunu bildirib, İndoneziya ilə münasibətlərinin yüksək səviyyəsi barədə də məlumat verib. İndoneziyanın Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsində haqlı mübarizəsinə verdiyi dəstəkdən, İndoneziyanın G20-yə sədrliyi çərçivəsində həyata keçirdiyi nüfuzlu tədbirlərə Azərbaycandan da nümayəndə heyətlərini dəvət etməsindən bəhs edib.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin bacarıqlı rəhbərliyi ilə Ordumuzun Qarabağın erməni işğalından azad edilməsində mühüm uğurlara imza atdığını qeyd edən müəllif, Zəfər Gününün ikinci ildönümünün qeyd edilməsinin bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlı üçün qürurverici an olacağını vurğulayıb.