Vüqar Rəhimzadə: Bakı Enerji Həftəsi Ulu Öndərin neft strategiyasının icrasında mühüm rola malik SOCAR-ın imkanlarının təqdimatı oldu Siyasət

Vüqar Rəhimzadə: Bakı Enerji Həftəsi Ulu Öndərin neft strategiyasının icrasında mühüm rola malik SOCAR-ın imkanlarının təqdimatı oldu

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, eyni zamanda, keçirildiyi məkan, iştirakçıların say tərkibi, onların hansı ölkələri və şirkətləri təmsil etmələri ilə diqqətdə olur. Bu baxımdan 31 may-3 iyun tarixlərində dünyanın enerji mərkəzlərinin nəzərlərini yenidən Azərbaycana yönəldən 28-ci Xəzər Neft və Qaz Sərgisi son dərəcə diqqətçəkən beynəlxalq əhəmiyyətli tədbir oldu. Paytaxtımızın üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi uğurla başa çatsa da orada səsləndirilən çağırışların mətbuatda təhlili davam edir. Xəzər regionunun ən nü­fuzlu enerji tədbirinin açılışında dövlət başçısı İlham Əliyev Azərbaycanın ilk neft-qaz sərgisinin keçirilməsindən, eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların fonunda belə bir mühüm məqamı xüsusi qeyd etdi ki, bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Prezident İlham Əliyev bu reallığı da böyük fəxr hissi ilə diqqətə çatdırdı ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırırlar. Bu, çox vacib bir məsələdir. Neft-qaz sərgisində, həmçinin bir çox dün­ya ölkələrinin təmsilçilərinin, şirkət nümayəndələrinin, beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini artırmaqla yanaşı, onların səsləndirdikləri fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt bildirdi ki, Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero məmnunluqla bildirdi ki, Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib. Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla bir yerdə işləyərək enerji keçidimizi təmin etmək önəmli vəzifədir. Enerji tərəfdaşlarımızın Azərbaycanla bağlı nikbin fikirlrini xeyli sayda sadalaya bilərik. Bu, onu təsdiqləyir ki, Azərbaycan hər bir layihənin uğurlu sonluqla başa çatmasına səy göstərərək həm enerjiyə olan daxili tələbatını ödəmiş, həm də dünyanın enerji təhlükəsizliyini təmin etmiş olur.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın həm region­da, həm də Avropada enerji təh­lükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən beynəlxalq enerji həftəsinin təş­kilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaş­ları–“İCA Events” və “CEM FZ LLC” şirkətləri idi. Tədbirin baş sponsoru SOCAR, sponsor­ları isə “AbuDhabi Port”, “ACWA Power”, “Ansaldo Energia”, “AZEL SYSTEMS”, “Azeri M-I Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, bp, “Caspian Drilling Company”, “Caspian Marine Ser­vices”, “Equinor”, “EP Absheron”, “Intertek”, “Global Energy Azerba­ijan”, GL, “Inpex”, “KOLIN Const­ruction”, “MASDAR”, “Tekfen”,“Total Energies”, “Turkish Petroleum”, “Uniper”, “Ural Steel” şirkətləridir. Sponsorların say tərkibinin genişliyi Bakı Beynəlxalq Enerji Həftəsinin yüksək statusa malik olduğunu, sərgiyə marağın daha da artdığını göstərdi. Təbii ki, yeni çağırışlar bu tərkibin növbəti sərgilərdə daha da genişlənəcəyi barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev sərginin açılış mərasimindəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, komanda işini davam etdirməliyik. Artıq yeni iştirakçılar, yeni ideyalar, planlar var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, ayrı-ayrı şirkət və müəssisələ­rin öz uğurlu nəticələrini və perspektiv­lərini geniş nümayiş etdirmələri tədbirə marağı daha da artırdı. Bundan əlavə, ölkəmizdə həya­ta keçirilən iri neft-qaz layihələri­nin operatoru bp şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın “To­tal”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklə­rinin “Masdar” , Özbəkistanın “Uzbeknefteqaz” və dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarla firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyət­lərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazandılar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR sərgidə geniş təmsil olundu. Bildirildi ki, SOCAR Bakı Enerji Həftəsində Baş Tərəfdaş olaraq iştirak edir. Stenddə SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar, “yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri barədə informasiyalar, həmçinin elmi-tədqiqat işləri və nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar qeyd edilmişdi.

Vüqar Rəhimzadə bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun xüsusi sessiyasının Naxçıvan şəhərində təşkil olunması dahi şəxsiyyət Heydər Əliyevə böyük ehtiramın və sevginin bariz nümunəsi idi. Ümummilli Liderin doğulduğu Naxçıvanda bu gün dahi rəhbərin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs etmək böyük qürurdur. Xüsusi sessiyada bir daha Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin böyüklüyü əsaslı şəkildə diqqətə çatdırıldı. Ümummilli Liderin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu xüsusi vurğulandı. Qeyd etdiyimiz kimi, SOCAR sərgidə əsas tərəfdaş kimi iştirak etdi. Sərgi həm ölkəmizin, həm də Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında öz payı və rolu olan Azərbaycan Dövlət Neft Şirkətinin imkanlarının təqdimatında öz sözünü dedi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyada SOCAR prezidenti Rövşən Nəcəfin Şirkətin quruda və dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığı və nəzərdən keçirdiyi barədə fikirləri sessiya iştirakçıları tərəfindən böyük maraqla dinlənildi. Bir daha məlum oldu ki, SOCAR mühüm layihələrə, yeniliklərə, təkmilləşməyə maraq göstərməklə və onları fəaliyyətində uğurla tətbiq etməklə beynəlxalq nüfuzunu günbəgün artırır.

Baş redaktor bu xatırlatmanı da edib ki, ötən il 27-ci Xəzər Neft və Qaz Sərgisi çərçivəsində yaşıl enerjiyə həsr olunan xüsusi sessiya Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada keçirilmişdir. İşğaldan azad edilmiş ərazilərimizin bərpaolunan enerji potensialına malik olduqları inkaredilməzdir. Həmin xüsusi sessiya çərçivəsində bir sıra sənədlər imzalanmışdır. Şuşanın ardınca Naxçıvan şəhərinin Azərbayanın enerji tərəfdaşlarını bir araya gətirməsi bir daha bu reallığı nümayiş etdirir ki, hər bir bölgəmiz zəngin potensiala, ölkəmizin enerji təhlükəsizliyinin təminatında öz sözünü demək imkanlarına malikdir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Xəzər Neft-Qaz Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm beynəlxalq platformaya çevrilib. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan nüfuzlu şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi, vacib qərarların qəbul edildiyi və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu məkana çevrilib.