“Heç bir ərəb dövləti İsraillə qarşıdurmaya getməz” Siyasət

“Heç bir ərəb dövləti İsraillə qarşıdurmaya getməz”

Zərdüşt Əlizadə: " Üstəlik vahid ərəb həmrəyliyi yoxdur"

"ABŞ və İsrail müttəfiq dövlətdir, ortaq iqtisadi maraqlara malikdir. İsrail yaranandan bu yana Vaşinqton bu ölkəni dəstəkləyir. Eləcə də İsrailin ərəb dövlətləri ilə apardığı müharibələr zamanı ABŞ onun ən yaxın müttəfiqi olub. Kemp Devid anlaşmasından sonra isə İsrailin mövqeyi möhkəmlənib, vahid ərəb cəbhəsi dağılıb. Faktiki olaraq, İsrailin təhlükəsizliyi təmin edilib. İsrailin atom silahı, raket kompleksləri var, həm dövlət quruluşu möhkəmdir, həm də ki, dünyada hörməti və müttəfiqləri daha çoxdur". Bunu politoloq Zərdüşt Əlizadə İsrail-ABŞ arasında bağlanan nəhəng hərbi anlaşmanı şərh edərkən deyib. Z.Əlizadə xatırladıb ki, ABŞ hər il İsrailə 3 milyard dollarlıq yardım edir: "İsrail bu maliyyəni ABŞ hərbi sənayesinə xərcləyir, silahlar alır. Ayrıca İsrailin özünün güclü hərbi sənaye kompleksi var, xaricə silahlar satır. İndi 10 illik müqavilə 38 milyard dollarlıq həcmindədir. Yəni 3 milyard yardımdan bir qədər çoxdur. Onsuz da ABŞ ildə 3 milyard yardım edirdi və bu 10 ilə 30 milyard edir. Bu o deməkdir ki, bu iki ölkə hərbi əməkdaşlığı uzunmüddətli və planlı şəkildə uyğunlaşdırır".
Z.Əlizadə hesab edir ki, bu razılaşmanın İranın Yaxın Şərqdə aktivləşməsi, eləcə də Həmas və "Hizbullah"a dəstəyini artıra biləcəyi ilə əlaqələndirilməsi doğru deyil: "Real olaraq İsrail bütün ərəb ölkələrindən güclüdür. Heç bir ərəb dövləti İsraillə qarşıdurmaya getməz. Üstəlik vahid ərəb həmrəyliyi yoxdur. Məsələn, Misir İsraili tanıyır və faktiki yaxın əlaqələri var. Üstəlik terrorizmə qarşı birgə "mübarizə" aparırlar. Baxın, keçmiş Misir prezidenti Mursiyə qarşı ittihamlardan biri odur ki, Həmasa dəstək verib. Həmas təşkilatı isə zamanında Fələstində hökumət başında dururdu və İsrail işğalını tanımırdı. Amma indiki Misir hökuməti Həması terror təşkilat hesab edir. Üstəlik İran gəlib İsrailə nə edə bilər? İranı sadəcə ittiham etmək istəyirlər. Odur ki, İsrailə olan İran təhlükəsini 100 dəfə şişirdirlər. Son nəticədə isə ABŞ hərbi sənayesinə daha böyük pullar qazanması üçün şərait yaradırlar".
Qeyd edək ki, ABŞ və İsrail arasında milyardlarla dollarlıq həcmində hərbi yardım razılaşması əldə edilib. Bu razılaşma bir neçə gün əvvəl əldə edilib və rəsmi Vaşinqton tərəfindən imzalanmalıdır. Bu anlaşma faktiki olaraq ABŞ-dan İsrailə rekord hərbi yardım deməkdir.