“Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı” Siyasət

“Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı”

Qraçya Qalustyan: "Bu, açıq şəkildə Sarkisyanı, ümumiyyətlə Ermənistanı şillələmək idi"

Akif Nağı: "Azərbaycan Prezidenti Sarkisyana tutarlı cavab verdi"


Azərbaycan prezidenti İlham Əliyev Bişkekdə keçirilən MDB dövlət başçılarının iclasında Ermənistan prezidenti Serj Sarkisyanı susdurması erməni mediasında rezonansa səbəb olub. "Armenaianreport" sayında Qraçya Qalustyan imzası ilə yayılan məqalədə Sarkisyanın qorxaq olduğu qeyd olunur. "Kədərli paralellik aparmaq istəyirəm. BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında Rusiyanın Suriyadakı addımları tənqid olunur. ABŞ nümayəndəsi Samanta Pauer Rusiyanı ikiüzlülükdə və həyasızlıqda ittiham edir. Rusiya nümayəndəsi Çurkin etiraz əlaməti olaraq ixlası tərk etdi. Yəni rusiyalı diplomat amerikalı rəqibi ilə mübahisə etmək gücündə olmadığını göstərərək, fərarilik etdi. Lakin burada heç olmasa demarşın əlaməti var. Əfsuslar olsun ki, İlham Əliyevin qarşısında alçalan Sarkisyan bu bayağı vasitəyə - fərariliyə belə layiq görülmədi", - deyə məqalədə bildirilir. Müəllif yazır ki, Serj Sarkisyan Bişkek iclasında aprel hadisələrinə toxunaraq Azərbaycanın ünvanına tənqidlər səsləndirdi: "O, yavaş-yavaş, yeknəsək, darıxdırıcı və bəzən səhvlər buraxaraq kağızdan oxuyurdu. Onun nitqi hamının əsnəməsinə səbəb oldu. Artıq bu, birinci biabırçı fakt idi. Çünki bizim ölkəni savadsız təqdim edir, onun çıxışı ilə kolleqalarının heç biri ona hörmət etmirlər. Həm də bunu gizlətmirlər belə. Axı, birinci dəfə deyil. Hətta Vladimir Putin belə Sarkisyana hörmət etmədiyini nümayiş etdirdi. Ermənistan prezidentinə hörmət qoyulmadığı daha sonra açıq şəkildə ortaya çıxdı. Belə ki, əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin İlham Əliyev Lukaşenkodan çıxış üçün icazə istədi. O rədd edə bilərdi, amma kimə görə, Serj Sarkisyana görəmi? Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı".
Müəllif daha sonra Serj Sarkisyanın İlham Əliyev qarşısında necə əzildiyini qeyd edir. "İlham Əliyev "Ermənistan tərəfi şikayətləri ilə artıq bütün beynəlxalq təşkilatları bezdirib" deyə bildirdi. Bu, açıq şəkildə Sarkisyanı, ümumiyyətlə Ermənistanı şillələmək idi. Özü də bu şillə medianın və prezidentlərin önündə gəldi. Hər kəs Əliyevə hörmətlə qulaq asdı. Sarkisyan isə canını yazıq fraza ilə qurtarmağa çalışdı: "Yalana cavab vermək mənasızdır". Dərhal Əliyevdən növbəti zərbə gəldi: "Mən artıq yalana cavab verdim". Bu nədir? Alçalmaq deyilmi? Biz nə qədər alçalmağa dözəcəyik? Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu adama niyə dözməliyik?", - deyə müəllif yazıb.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə deyib ki, 2ırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında Azərbaycan Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanı susdurması ölkəmizin öz torpaqlarını geri qaytarmaq istəyində bir daha prinsipial olduğunu göstərdi. Onun sözlərinə görə, ermənilər bütün məqamlardan istifadə edirlər ki, öz ağır vəziyyətdə olduqlarını, yazıqlıqlarını şikayət etsinlər: "Bu, bir növ erməni xəstələyidir. Təbii ki, ermənilər hazırkı vəziyyətin dəyişməsində maraqlı deyillər. Onlar ən müxtəlif vasitələrdən istifadə edirlər ki, hazırki status-kvo qorunub saxlansın. Bu vasitələrdən biri də müəyyən toplantılarda (istər Avropa, MDB, istərsə də regional) iştirakçıların "rəğbətini" qazanmaq üçün əl-ayağa düşməkdir. Onlar bundan çəkinmirlər və bu bir növ erməni həyasızlığıdır. Heç kimə sirr deyil ki, məlum aprel döyüşləri Ermənistana çox ağır zərbə vurub. Ermənilər həm Azərbaycan ordusunun gücünü gördülər, həm də xeyli sayda itkilər verdilər. Təbii ki, onlar müəyyən məqamlarında bunu qabartmağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə Azərbaycan prinsipial olmalıdır və elə oradaca prinsipial mövqe tutuldu. Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyana tutarlı cavab verdi".