“Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik” Siyasət

“Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik”

Prezident İlham Əliyev: "Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq"

"V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb".
Bunu dünən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyevdeyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir: "Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib.
Azərbaycan həm də mötəbər idman yarışlarına əməkdaşlıq edir. Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ".
Prezident İlham Əliyev deyib ki, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: "Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər".
Dövlət başçısı Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etdiyini xatırladıb: "Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verməyə çalışacaq: "Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".
Prezident İlham Əliyev deyib ki, multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir: "Bu siyasət ölkə daxilində böyük rəğbət qazanır. Dövlət siyasəti o zaman uğur qazanır ki, cəmiyyət buna dəstək verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Dövlət Bayrağı Meydanı yaxınlığında multikulturalizmə abidə ucaldılıb".
Dövlət başçısı bildirib ki, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: "Bəziləri multikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır".
Azərbaycan Prezidendi dünyada təhlükəli proseslərin baş verdiyini bildirib və qeyd edib ki, bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Prezident İlham Əliyev deyib ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: "Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq".
Prezident İlham Əliyev islamofobiyanın təhlükəli olduğunu söyləyib: "Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik".
Prezident İlham Əliyev Azərbaycanın tarixi Qarabağ bölgəsinin və ətrafdakı 7 rayon işğal edildiyini, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədildiyini xatırladıb.
Dövlət başçısı qeyd edib ki, artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb: "ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşıdırıcı missiya göndərib. Şəhərlərin infrastrukturu, məscidlər dağıdılıb, qəbiristanlıqlar buldozerlərlə məhv edilib. Biz isə Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik".
Prezident İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur: "Ermənistan buna məhəl qoymur, bu isə böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası da belə qərar və qətnamələr qəbul edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir".
Azərbaycan Prezidenti bildirib ki, işğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir.
O qeyd edib ki, Azərbaycan 25 il ərzində böyük inkişaf yolu keçib: "Bir neçə il əvvəl 155 dövlət bizə etimad göstərərək BMT-nin qeyri-daimi üzvü seçmişdi. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq".