“Azərbaycana qarşı təxribat planlaşdırırlar” Siyasət

“Azərbaycana qarşı təxribat planlaşdırırlar”

Elxan Şahinoğlu: "Rene Ruke AŞPA-da növbəti müzakirə predmetini Ermənistanla razılaşdırmaq istəyir"


"Vaxtilə ermənilər Azərbaycana qarşı informasiya blokadasından yararlanaraq Avropadakı "dostlarından" bizə qarşı istifadə edirdilər. Sonrakı illərdə informasiya blokadasını yara bildik. Ancaq Avropada "ağ" rəngə "qara" və tərsinə deyənlərin sayı azalmadı. Bunlardan biri də Fransanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Rene Rukedir. Fransalı deputat İrəvanı və Xankəndini su yoluna döndərib. Etdiklərinin və dediklərinin hamısı büsbütün Azərbaycana qarşıdır".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib. E.Şahinoğlu "bu həmin Rene Rukedir ki, dəfələrlə Ermənistan üzərindən Dağlıq Qarabağa səfərlər edib və separatçıların lideri ilə saatlarla müzakirələr aparıb",- deyə bildirib: "Bu azmış kimi, əgər fransalı deputat əvvəllər Dağlıq Qarabağa tək gəlirdisə, sonrakı illərdə özü ilə birgə "əsabələrini" də Xankəndiyə gətirib. O, bununla da kifayətlənməyib və 2011-ci ilin oktyabrında AŞPA-nın 32 deputatı ilə birgə "Dağlıq Qarabağ Respublikası"nın müstəqil dövlət kimi tanınması" haqqında sənədi imzalayıb. Buna görə də rəsmi Bakı AŞPA-nın 2014-cü il mayın 22-23-də Bakıda keçirilən Büro və Daimi Komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi üçün Rene Rukeyə viza verməyib. Rene Rukeyə görə rəsmi Bakı ilə AŞPA arasında münasibətlər gərginləşib. AŞPA iki il ərzində təşkilatın komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını təxirə salmaq haqqında qərar verib. Bu da fransalı deputatın vecinə olmayıb və o, aprel döyüşlərindən sonra yenə də Dağlıq Qarabağa gələrək separatçılara dəstək ifadə edib".
Politoloq qeyd edib ki, bu şəxs AŞPA-da növbəti müzakirə predmetini Ermənistanla razılaşdırmaq istəyir: "Başqa sözlə, Azərbaycana qarşı təxribat planlaşdırırlar. Məsələn, bu ilin əvvəlində AŞPA-da Sərsəng su anbarı ilə bağlı qətnaməyə ermənilər 15 düzəliş irəli sürmüşdülər və erməni deputatların hər bir düzəlişinə Rene Ruke imza atmışdı. Bu bir daha ondan xəbər verir ki, erməni deputatlarla Rene Ruke vahid tandemdə fəaliyyət göstərirlər.
İkincisi, Rene Ruke öz vəzifə səlahiyyətindən istifadə edərək, AŞPA-da elə bir sənəd qəbul etdirmək istəyir ki, Azərbaycan heç bir halda işğal altındakı torpaqları güc yolu ilə geri qaytarmağa çalışmasın, əks halda təşkilatın sanksiyaları ilə üz-üzə qalsın...
Belələrinin beyni erməni təbliğatı ilə zəhərlənib. Elə etmək lazımdır ki, erməni separatçılarının AŞPA-nın vitse-prezident səviyyəsində dostu və dəstəkçisi varsa, Dağlıq Qarabağdan didərgin salınan azərbaycanlıların da bu səviyyədə dostu və himayəçisi olsun. Rene Ruke qeyri-qanuni Xankəndiyə gəldikdə, o birisi də tez-tez Ağdama, Bərdəyə və Tərtərə gəlsin. Başqa sözlə, Avropada, o cümlədən AŞPA-da Dağlıq Qarabağın didərgin azərbaycanlı icmasının dostları qrupunun yaradılması vacibdir. Məhz Avropadakı dostlarımız Rene Ruke ilə mübarizə aparmalıdırlar".