Həmsədrlər bəyanat yayıb Siyasət

Həmsədrlər bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti ilə görüşlər keçiriblər.
Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub.
Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər isə qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.
Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam edir.
Bəyanatda həmsədrlərin ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir.
Bəyanatda o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri işləri müzakirə ediblər.