“Qarabağ”ın qələbəsinin böyük mənası var Siyasət

“Qarabağ”ın qələbəsinin böyük mənası var

Prezident Ilham Əliyev: "Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"


"Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm".
Bu sözləri "Qarabağ" futbol komandasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.
O bildirib ki, komanda Azərbaycan xalqına qələbə sevinci bəxş edib: "Gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ" komandası qazanıb. "Qarabağ" komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə, bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsidir.
Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".
Prezident əlavə edib ki, bu qələbə eyni zamanda Azərbaycanda futbolun inkişafının təzahürüdür: "Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol ölkəmizdə inkişaf edib. Biz bu inkişafı çoxdan gözləyirik, futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli yığma komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə, vətənpərvərlik göstərir.
Ona görə də hesab edirəm ki, ölkəmizin futbolu gələcəkdə daha da inkişaf edəcək, həm yığma, həm də klublar ölkəmizi ləyaqətlə təmsil edəcək. Bu qələbə həm də son illər ərzində idman sahəsində görülən işlərin nəticəsidir. Çünki İdman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Avropa, Dünya çempionatlarında, olimpiya oyunlarında idmançılar yüksək nəticələr göstərir. Bakıda keçirilən I Avropa və İslam Oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Avropa Oyunlarında II, İslam həmrəyliyi Oyunlarında isə komanda hesabında I yerə layiq görüldük. Bu tarixi qələbədir. Eyni zamanda, ötən il Rio Olimpiya oyunlarında idmançılarımız 18 medal qazanıblar. Medalların sayına görə dünya miqyasında 14-cü yeri tutublar. Bu gənc və müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çox şadam ki, Azərbaycanda ən məşhur və populyar idman növü olan futbol da inkişaf edir. Yeni stadionlar yaradılır, tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il öncə əsaslı təmir olunub, 70 min tamaşaçı tutan Olimpiya stadionu tikilib, bölgələrdə stadionlar, qurğular tikilir. Çünki idmanın inkişafı infrastrukturun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm də Bakıda ən müasir idman infrastrukturu yaradılır".
Dövlət başçısı qeyd edib ki, bu qələbədən sonra uşaqların futbola axını daha da güclənəcək, futbolçu olmaq, sizə oxşamaq istəyənlərin sayı artacaq.
"İndi sizi Azərbaycanda tanımayan yoxdur. Sizə diqqət artacaq. Bu günə qədər həm idmanda, həm məişətdə özünüzü necə ləyaqətlə aparmısızsa, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız. Dünənki qələbə təsadüfü qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir gedirdiniz", - deyə prezident vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın "Qarabağ" futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq: "Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın "Qarabağ" klubu haqqında verilişlər gedir. "Qarabağ" futbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir".
Prezident qeyd edib ki, bununla bütün dünya yenə də Qarabağın Azərbaycan torpağı olduğunu görür: "Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq və hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbə imza atdı. Əminəm ki, qrup mərhələsində də ölkəmizi uğurla təmsil edəcəksiniz".