Zelenski üçün dəhşətli ssenari reallaşır-“Reuters” Putinin şərtlərini açıqladı Siyasət

Zelenski üçün dəhşətli ssenari reallaşır-“Reuters” Putinin şərtlərini açıqladı

Rusiyanın Ukrayna qarşısındakı əsas tələbləri Kiyevin Donbasdan imtina etməsi, NATO-ya üzv olmaması, neytrallığı qoruyub saxlaması və ölkədə Qərb qoşunlarının yerləşdirilməməsidir.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

“Putin tələb edir ki, Ukrayna bütün şərqi Donbassdan imtina etsin, NATO-ya daxil olmaq ambisiyalarından əl çəksin, neytrallığı qorusun və Qərb qoşunlarını ölkəyə buraxmasın”, - agentlik yazır.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən ƏHD Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı Kreml sahibinin amerikalı həmkarına çox güvəndiyini qeyd etdi: “Partiyamız Rusiya-Ukrayna müharibəsi başlanan gündən deyirdi ki, Amerika və Qərb sonda Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştlər etsin və onun şərtlərini qəbul etsin. İndiki proseslər də ona doğru gedir. Konkret olaraq Putin bütün şərtlərini həyata keçirir. Həmçinin də Putin inanır ki, sülh olmasa, o daha çox torpaq işğal edə, Ukraynanı Rusiyadan asılı dövlətə çevirə bilər. Amma Rusiyanın da müharibə aparmaq üçün resursları tükənməz deyil. Putin Trampa çox güvənir. Tramp Hindistanla Çini həm bir-birinə, həm də Rusiyaya çox yaxınlaşdırdı, ölkəsinin Ukraynaya hərbi yardımına, ABŞ-nin Rusiyaya sanksiya tətbiq etməsinə bacardıqca mane olur.

Rusiya onun NATO-nu və ABŞ-ni dağıtmaq üçün bacardığı hər şeyi edəcəyinə inanır. Eynən Qorbaçovun SSRİ-ni və Varşava müqaviləsi təşkilatını dağıtdığı kimi. Bu yaxınlarda bununla bağlı "Gazeta.ru" internet portalında bir yazı gedib. Kreml bunu gözləyir. Amma SSRİ-dən fərqli olaraq ABŞ-da nə mütləqiyyət mövcud deyil, nə də Trampın imkanları sonsuz. Makiavellinin belə bir sözü var: "Danışıqlar aparmaq lazım gələndə qılıncını endirməyənlər sonda məğlub olur". Rusiya Ukrayna ilə danışıqlar aparmalıdır”.