““Güc birlikdədir” Siyasət

““Güc birlikdədir”

Qənirə Paşayeva: "Birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik"


Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən "24-cü Beynəlxalq Hazar Şeir Axşamları"nda Türk dünyasına çağırış edərək, "bir-birimizi daha çox dəstəkləməliyik", - deyib. Q. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb.
Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydın və ictimai fəalların qatıldığı tədbirdə millət vəkili: "Türk Dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq. Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq"-, deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili: "Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik"-deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. O, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu da xüsusi vurğulayıb. "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması lazımdır və inanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar"-deyə millət vəkili qeyd edib. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, eləcə də aydın, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür"-, deyə millət vəkili onları daha da fəal olmağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışını "İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun"-, deyərək bitirib. Millət vəkili Q.Paşayeva tədbirdə İraq Türkmanlarının düşdüyü ağır vəziyyətdən də danışıb, bu gün Kərkük, Təlafərdəki soydaşlarımıza daha çox dəstək olmalıyıq deyərək, Kərkükə həsr etdiyi şeirini səsləndirib. O eyni zaman müəllifi olduğu "Böyük Azərbaycanım" və "Türkiyəm" şeirini də səsləndirib. Tədbir çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair və araşdırmaçılarla görüşərək müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib. Tədbirdə həmçinin Azərbaycandan gənc və istedadlı şairə Ülkər Piriyeva da çıxış edərək özünün vətənə aid şeirlərini səsləndirib.