15:28
630
“BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru işğaldan azad edilmiş ərazilərə səfər edən ilk yüksək səviyyəli BMT rəsmilərindən biri oldu və post-münaqişə dövründə yenidənqurma və bərpa prosesinə UN-Habitatın təcrübəsini və baxışını gətirib”.
Bunu WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, QHT icmasının toplantısı təşkil olunmasa, bu forumun tam mənada natamam olacağını düşünür: “Biz həmçinin xanım Rosbaxa təşəkkür edirik. O və komandası BMT ailəsinin QHT-lərlə əməkdaşlıq sahəsindəki geniş təcrübəsinə əsaslanaraq bu təşəbbüsü dəstəklədilər. Onların dəstəyi olmadan bunu həyata keçirmək mümkün olmazdı.
Yalnız QHT Forumu deyil, daha geniş mənada Dünya Şəhərsalma Forumu da UN-Habitat ilə sıx tərəfdaşlıq və yaxın əməkdaşlıq şəraitində təşkil olunub. Xanım Rosbaxın rəhbərliyi ilə biz uğurlu bir Dünya Şəhərsalma Forumunun keçirilməsi prosesindəyik. QHT icması, vətəndaş cəmiyyəti institutları və Azərbaycan hökuməti QHT sektorunun inkişafına, əməkdaşlığa və potensialının gücləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə vətəndaş cəmiyyəti institutlarına dəstək göstərən dövlət agentliyi yaradılıb. Azərbaycan hökuməti QHT-lərə qrantlar ayırır, onların maliyyə resurslarına çıxışını təmin edir, həmçinin müxtəlif təlimlər, institusional inkişaf və potensialın artırılması layihələri həyata keçirir”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycandakı vətəndaş cəmiyyəti institutları ölkənin inkişaf proqramlarının ayrılmaz hissəsidir: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı və ərazilərin çoxsaylı minalarla çirkləndiyi bir şəraitdə də biz vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edirik.
“Qlobal düşün, lokal fəaliyyət göstər” prinsipi Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əsas şüarlarından biridir. Hökumət olaraq biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı da dəstəkləyirik”.