Prezidentin köməkçisi: Bakıda tarixi irsi müasir urbanizasiya elementləri ilə birləşdirməyə çalışırıq Siyasət

Prezidentin köməkçisi: Bakıda tarixi irsi müasir urbanizasiya elementləri ilə birləşdirməyə çalışırıq

“İqlim dəyişikliyi bu gün bəşəriyyətin qarşısında duran əsas çağırışlardan biridir. Ümümdünya Şəhərsalma Forumunun ilk günündə biz bunun bir daha şahidi olduq”.

Bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda adətən müşahidə olunmayan, müəyyən mənada gözlənilməz hava hadisələri ilə qarşılaşıb: “Belə proseslər artıq dünyanın müxtəlif yerlərində baş verir. Buna görə də şəhərlər iqlim dəyişikliyinin yaratdığı fəlakətlərlə birbaşa üz-üzə qalır. Vətəndaş cəmiyyəti institutları olmadan cəmiyyətlərin istək və gözləntilərini ifadə etmədən dövlət qurumları dayanıqlı, özünü təmin edən və ən əsası rahat şəhərlər qurmaq məqsədinə tam nail ola bilməz”.

O, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə dair baxışını bir daha xatırladıb: “Dünən Prezident İlham Əliyev Azərbaycanın gələcəyə dair baxışını xüsusi vurğuladı. Həmin çıxışdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan bu cür müzakirələrin keçirilməsi üçün həqiqətən də doğru və uyğun məkandır. Əvvəla, Azərbaycan xalqı qədim şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanın tarixi şəhərlərindən biri olan Qəbələ hələ eramızdan əvvəl IV əsrdə qədim dünyanın mühüm və inkişaf etmiş şəhərlərindən biri idi.

Əsrlər və minilliklər boyu Azərbaycan xalqı müxtəlif şəhərlər salıb. Bu şəhərlər ticarət, əməkdaşlıq, təhsil, bilik mübadiləsi və ən əsası insanların yaşayışı üçün mühüm əhəmiyyət daşıyıb. Bu gün də biz həmin mədəniyyəti qoruyub saxlayırıq. Çünki müasir şəhərlərdə mədəni irsin qorunması ayrıca bir çağırışdır. Bakı bunun ən bariz nümunəsidir. Burada biz tarixi irsi qorumağa və onu müasir urbanizasiya elementləri ilə birləşdirməyə çalışırıq”.