“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq” Dünya

“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq”

“ABŞ ilə İran arasında əldə olunmuş İslamabada razılaşmasının davamlı sülhə gətirib çıxarmayacağı təxmin edilirdi. Çünki tərəflər arasında əldə olunmuş bu razılaşmada səmimi yanaşma mövcud deyildi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib.

T.Əliyev qeyd edib ki, tərəflər daha çox bu sazişdən, yəni İslamabad sülh Memorandumundan sanki növbəti hərbi məqsədləri və hərbi addımları üçün vaxt kimi istifadə etməyə üstünlük verirdilər və gözlənilən proses də baş verdi: “Danışıqlardan 3 həftə keçməsinə baxmayaraq yenidən biz tərəflər arasında ciddi sürətdə kövrək sülh danışıqlarının zədələnməsinin şahidi olduq. Artıq 3-4 gündür ki, Hörmüz boğazından keçən gəmilərə İran tərəfindən müdaxilənin edilməsi və buna cavab olaraq ABŞ-nin İranın sahilyanı və ölkənin müxtəlif regionlarında yerləşən hərbi obyektlərinə zərbələr endirməsi, buna cavab olaraq İran silahlı qüvvələrinin, xüsusilə SEPAH-ın hərbi bölmələrinin İordaniyada, Küveytdə, Bəhreyndə amerikan hərbi bazalarını hədəfə alması kimi çoxsaylı atəşkəs prosesinin pozulması faktlarının şahidi oluruq”.

Ekspertin fikirlərinə görə, sülh danışıqlarının bitməsi ilə bağlı Trampın vermiş olduğu açıqlama, eləcə də İranın ali dini liderinin ABŞ-dən və İsraildən qisas almaq yönündə xalqın tələbinin olması ilə bağlı vermiş olduğu açıqlamalar onu deməyə əsas verir ki, bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq.

Röya İsrafilova