Ötən ilin mayında İrəvanda Ermənistan hakimiyyəti tərəfindən faşist Garegin Njdeyə qoyulmuş abidə ətrafında ictimai etirazların davam etdiyi bir vaxtda bu dəfə Bolqarıstanda "ümumerməni ideoloquna" abidə qoyulmasına hazırlıq getdiyi məlum olub. Njdeyə abidə qoymağa hazırlaşan Bolqarıstandan olan erməni biznesmen Karen Aleksanyandır.
Erməni KİV-lərinin xəbərlərinə görə bu günlərdə Aleksanyan İrəvanda olub və mütəxəssislərlə məsləhətləşib ki, Njdenin abidəsi "ən yüksək səviyyədə" hazırlansın. "Bolqarıstanın Pliska şəhərində müxtəlif ölkələrin və xalqların 80-ə yaxın görkəmli şəxsiyyətinin abidəsi qoyulacaq. Erməni xalqını orada görkəmli xadim və filosof Njde təmsil edəcək"-biznesmen deyib.
Onun sözlərinə görə, Njdenin abidəsi 2018-ci ilin yayından gec olmayaraq qoyulacaq.
Xatırladaq ki, İrəvanda Njdeyə abidə qoyulması o cümlədən Rusiyada hiddətlə qarşılanmışdı. Ötən ilin sonlarında Rusiya Müdafiə Nazirliyinin telekanalı "Zvezda" Ermənistan hakimiyyətini faşizmi dəstəkləməkdə ittiham etmişdi v buna misal olaraq İrəvanda Njdeyə abidə qoyulmasını göstərmişdi.
Monoetnik erməni dövlətinin yaradılmasına nail olan indiki Ermənistan hakimiyyətinin və dünya erməniliyinin faşizmə rəğbəti məsələsi yeni deyil, son vaxtlar isə bu rəğbət özünü Njdenin ideologiyasının fəal şəkildə təbliği ilə büruzə verir. Göründüyü kimi Njdeni indi Avropada da erməni xalqının siması kimi təbliğ etməyə başlayıblar.
Erməni biznesmenin Bolqarıstanda Njdeyə abidə qoyulacağını açıqlaması ilə təxminən eyni vaxtda Rusiya Dövlət Dumasında "Faşizmin qəhrəman obrazının yaradılmasına qarşı mübarizə və neonasizmin dirçəlişi: qanunvericilik aspektləri" mövzusunda dəyirmi masa keçirilib. Həmin tədbirdə iştirakçılar Njdeyə İrəvanda qoyulmuş abidənin sökülməsinin zəruriliyi haqda danışıblar.
Politoloq Sergey Markov dəyirmi masada Ermənistanı "faşizmi dəstəkləməkdə" ittiham edib.
Njdenin ideologiyasının təbliği və onun "xatirəsinin ədəbiləşdirilməsi" ilə Azərbaycanın işğal altındakı ərazilərindəki erməni separatçı rejimi də məşğuldur. Məsələn, Xankəndində çoxdandır Garegin Njdenin adını daşıyan küçə var.
Bu da təsadüfi deyil, çünki Njde, Dro, Andranik Ozanyan kimi faşistlərin irsinin təbliği Ermənistanın indiki hakimiyyətinin monoetnik erməni dövləti quruculuğu siyasətinin əsas prioritetlərindən biridir. Hansı ki, bu siyasətin nəticəsində Ermənistan nəinki azərbaycanlılardan, o cümlədən ruslardan da təmizlənib...