Hakimlərin müstəqilliyini təmin etməliyik Siyasət

Hakimlərin müstəqilliyini təmin etməliyik

Qüdrət Həsənquliyev: "Hakimlərin fəaliyyətinin 5 ildən bir qiymətləndirilməsi onların müstəqilliyinə ciddi zərbə vurur"

""Məhkəmər və hakimlər haqqında" dəyişikliklər hakimlərin müstəqilliyinin gücləndirilməsinə xidmət edir və müsbət təklifdir. Amma hesab edirəm ki, dəyişikiliklər problemi tam həll etmir. Mən əvvəllər də Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunnması istiqamətində ciddi islahatlar aparılması barədə məsələ qaldırmışam. Hesab edirəm ki, "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar yenidən işılənməlidir və ciddi dəyişikliklər edilməlidir".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında "Məhkəmər və hakimlər haqqında"qanuna edilən dəyişikliklərin müakirəsi zamanı səsləndirib. O bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildə məhkəmələrin müstəqilliyinə dair əsas prinsiplər qəbul olunub: "Həmin prinsiplərin 10, 11 və 12-ci maddələri hakimlərin seçilməsi, təyin edilməsi, vəzifədə irəli çəkilməsi ilə bağlı məsələləri həll edir. Məsələn BMT-nin insan hüquqları ilə bağlı komitəsinin Ermənistanla bağlı qararı var. Orada qeyd olunur ki, Ermənistanda məhkəmələr müstəqil deyil. Ona görə ki, hakimlər 6 il müddətinə təyin olunur, bu da məhkəmə hakimiyyətinin müstəqilliyini ciddi şəkildə şübhə altına alır".
Millət vəkili bildirib ki, Azərbaycanda isə hakimlərin fəaliyyətinin hər 5 ildən bir qiymətləndirilməsindən söhbət gedir: "İndiyə qədər belə olub. Peşəkar çatışmazlıqlar aşkar olunduqda həmin hakim vəzifəsindən kənarlaşdırılırdı. İndi isə onlara ikinci bir şans verilir. Müəyyən müddətdən sonra, təkrar yoxlama zamanı yenə də peşəkar çatışmazlıqlar aşkar edilərsə o halda hakimlər öz vəzifələrindən azad olunurlar. Amma burada ondan söhbət gedir ki, hakimlər seçilib vəzifələrə yerləşdirilərkən onlar ciddi şəkildə imtahan verirlər, sonra təlim kurslarına göndərilirlər. Əvvəllər hakimlər ən azı 5 il hüquqşünas fəaliyyəti göstərmiş şəxslər sırasından seçilirdi. Yəni burada peşəkarlıq çatışmazlığı olan hüquqşünasın hakim olması imkanları xeyli dərəcədə məhduddur. Peşəkarlıq çatışmazlıq deyəndə ümumiyyətlə nə başa düşülür? Belə olduqda intizam icraatı başladılır. Hakimlər əvvəla mülki işlərə, cinayət işlərinə 3 nəfərdən ibarət tərkibdə baxırlar. Onlar prosessual qanunvericiliyin tələblərini pozurlarsa, o halda məhkəmə prosesində iştirak edən tərəflər - prokuror, müdafiə tərəfi müdaxilə edə bilir. Əgər sədrlik edən hakim qanunu pozursa digər hakimlərin prosesə müdaxilə imkanları var və.s. Yəni məhkəmə prosesində qanun pozuntularının qarşısını almaq imkanları çox genişdir. Sadəcə 5 ildən bir qiymətləndirmənin keçirilməsi hakimləri tamamilə asılı vəziyyətə salır. Ona görə də, hesab edirəm ki, əgər hakimlər təyin olunurlarsa qiymətləndirmə məsələsi aradan qaldırılmalıdır. Əgər hakim qanunu pozursa və onun hərəkətindən verilən şikayət araşdırılmalıdır. Şikayət araşdırılan zaman bəlli olsa ki, şikayət edən şəxsin hüquq və mənafelərinə mühüm zərər vurulub, o halda Cinayət Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyəti yaranır. Yaxud, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, məhkəməyə hörmətsizlik edirsə, hakim özünü pis aparırsa bu da cinayət məsuliyyəti yaradan bir əməldir. Bunula yanaşı, əgər hakim vəzifə səhlənkarlığı, saxtakarlıq edirsə 313, 314-cü maddələrin tələbinə uyğun olaraq yenə də məsuliyyətə cəlb oluna bilər.Yalnız cinayət törətdiyi halda hakimlərin vəzifədən kənarlaşdırılması məsələsini biz qanuna daxil etməliyik".
Millət vəkili həmçinin yaş həddi ilə bağlı məsələyə də diqqət çəkib: "Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında Ali Məhkəmənin üzvü Antoni Kennedi 81 yaşında özü istefa verdi. Yəni BMT-nin müvafiq tələblərinə uyğun olaraq ya hakimlər ömürlük təyin olunur, ya da konkret yaş həddi müəyyən olunur ki, həmin yaşa qədər onlar fəaliyyət göstərirlər. Azərbaycanda 68 yaş müəyyən olunub. Hesab edirəm ki, bu yaş azdır və bunu ən azı 75 yaşa qədər qaldırmaq lazımdır. Yaxud da hakimlər ömürlük təyin olunmalıdırlar. Onsuz da onlar artıq işləyə bilmədiklərini hiss edəndə özləri istefa verəcəklər. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarında bir hakimdən soruşdum ki, sizdə hakimlər ömürlükdür. Əgər həmin adam isrefa verməsə və səhhəti də normal fəaliyyətə imkan verməsə necə olacaq? O mentalitet fərqliliyinə görə, məni başa düşmədiyini dedi. Cavabı belə oldu ki, o zaman kollegiya üzvlərindən biri yaxınlaşıb ona deyə bilər ki, səhhətin imkan vermir, istefa üçün ərizə yaz. Bildirdim ki, əgər o halıda da istefa verməsə nə olacaq? Mənə cavab verdi ki, mən sizi heç cür başa düşə bilmədim. Bu baxımdan demək istəyirəm ki, əgər insanlar işləyə bilmədiklərini başa düşəndə özləri ərizə yazıb vəzifədən gedəcəklər. Amma əgər biz 5 ildən bir hakimlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə keçirib və guya peşəkar çatışmazlığa görə, Məhkəmə Hüquq Şurasına hakimlərin vəzifədən kənarlaşdırma səlahiyyəti veririksə hakimlərin tam müstəqilliyini əlindən alırıq. Azərbaycanda hazırda mövcud problem hakimlərin sayının az olmasıdır. İkincisi hakimlərin əməkhaqqlarını kifayət qədər artırmaq lazımdır. Bu da BMT-nin müəyyən etdiyi prinsiplərə uyğunlaşdırılmalıdır. Həmin prinsiplərə qeyd olunur ki, onlar maddi baxımdan asılı olmamalıdırlar. Onlara həyatını təmin etmək üçün yüksək əməkhaqqı verilməlidir. Düşünürəm ki, Azərbaycanda da hakimlərin müstəqilliyinin təmin olunması üçün dediyim addımlar atılmalıdır. Hakim təyin olunursa, onun bir neçə ildən bir fəaliyyətinin qiymətləndirilməsi məsələsi qanunvericilikdən çıxarılmalıdır. Bu hakimlərin müstəqilliyinə ciddi şəkildə zərbə vurur".

Əli