“Ermənistan hər tərəfdən blokadaya alınır” Siyasət

“Ermənistan hər tərəfdən blokadaya alınır”

"Ermənistan-İran münasibətlərində gərginlik hiss olunur. Belə ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan erməni-iran sərhəddinin bağlanması ehtimalına dair bəyanat səsləndirdi". Bunu politoloq Ehtiram Aşırlı deyib. Onun sözlərinə görə, sərhədin bağlanması Ermənistana ziyan vura bilər: "Bu addımdan sonra siyasi münasibətləri normallaşdırmaq çətin olacaq. Bu bölgədə yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxaracaq. Xatırlatmaq yerinə düşər ki, Ermənistana Rusiyadan sonra siyasi, iqtisadi, diplomatik və ticarət baxımından ən yaxın olduğu ölkə İrandır. Hazırda rəsmi İrəvan ilə Tehran arasında ticari münasibətlər yüksək səviyyədədir. Fikrimcə, sərhədlərin bağlanmasından sonra iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin inkişafına mənfi təsir göstərəcək.
Cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasətin nəticəsidir ki, Ermənistan hər tərəfdən blokadaya alınır, bir sözlə, rəsmi Bakı tərəfindən İrəvana qarşı "Anakonda taktikası" həyata keçirilir. "Anakonda taktikası" General George Brinton McClellan tərəfindən ilk dəfə ABŞ-da vətəndaş müharibəsində (1861-1865-ci illər) tətbiq edilib. Bu taktikanın məqsədi geosiyasi düşməni zəiflətmək üçün onun dənizlərə, okeanlara, müttəfiqlərinə və təbii sərvətlərə çıxış yollarını bağlamaqdır. Beləliklə, bunu bacaran tərəf geosiyasi mövqeyini nə qədər gücləndirərsə, qarşı tərəfin geosiyasi mövqeyi də o qədər zəifləyəcəkdir. Beləliklə, Azərbaycan "Anakonda taktikası" yolu ilə işğalçı ölkənin geosiyasi mövqeyini zəiflətməklə regionda qlobal layihələrdən kənarda qalmasına nail olub. Bu da öz növbəsində Ermənistanın "boğulmağına" gətirib çıxaracaq".