“ABŞ-İran müharibəsi region üçün çox təhlükəli vəziyyət vəd edir” Siyasət

“ABŞ-İran müharibəsi region üçün çox təhlükəli vəziyyət vəd edir”

Mübariz Əhmədoğlu: “İranın atdığı bəzi addımlar da Rusiya üçün aydın deyil”

“Moskva Dağlıq Qarabağda Azərbaycanın hərbi əməliyyatlarının başlamasında maraqlı ola bilər. Söhbət Ermənistanın, xüsusən Nikol Paşinyanın atdığı anti-Rusiya addımlardan getmir. N.Paşinyan üzdə yaltaqlandığı halda, reallıqda ciddi anti-Rusiya addımlar atır və bu sifarişdir”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermədə iştirakı bunun növbəti nümunələrindəndir: “Rusiyanın strateji müttəfiqinə yaraşmayan iştirakdır. Söhbət həm də onoyanın Qərbpərəst planlar reallaşdırmasından getmir; vəziyyət kifayət qədər qat-qat ciddidir. Ermənistan həm Gürcüstan, həm də İran tərəfdən blokadaya düşə bilər. Gürcüstanda baş verənləri Rusiya Qərbin oyunu kimi dəyərləndirir. Rusiyanın fikrincə, Gürcüstandakı anti-Rusiya hərəkət Qərbin Gürcüstanda möhkəmlənməsinə və sonda Ermənistanı da öz arxasınca aparmasına yönələcək”.
ABŞ-İran müharibəsinə toxunan M.Əhmədoğlu bunun region üçün çox təhlükəli vəziyyət vəd etdiyini deyib: “İranın atdığı bəzi addımlar da Rusiya üçün o qədər də aydın vəziyyət yaratmır. Çaldıranda terrorçu qruplaşmanın üzvlərinin öldürülməsi ilə bağlı yayılan məlumat artıq İranın hadisələrin ağırlıq mərkəzini ölkənin şimalına – Azərbaycan və Ermənistan istiqamətinə keçirdiyini göstərir. İranın Çaldıranda terrorçu qruplaşmanın həbsi ilə bağlı yaydığı məlumatın sonda Ermənistanın xeyrinə və ziyanına olacağını heç kəs deyə bilməz. Azərbaycanla əlaqəli məsələləri qoyuruq bir tərəfə, indiki regional proseslərdə hədəf Ermənistandır. Həm İran tərəfdən Ermənistan üçün qeyri-müəyyənlik, həm də Gürcüstan tərəfindən baş verənlərdə təhlükə Kremli ciddi narahat edir. Belə vəziyyətdə ən aydın çıxış yolu və ya Rusiyanın mövqeyini möhkəmləndirən variant Mehri dəmir yolunun işə başlaması ola bilər. Mehri dəmir yolunun işə başlaması Rusiyanın Cənubi Qafqazdakı iştirakını artıracaq, geosiyasi, geoiqtisadi və hərbi mövqeyini gücləndirəcək”.
Politoloq vurğulayıb ki, Mehri dəmiryolunun işə düşməsi Rusiyanın İran və Türkiyə coğrafiyasında da mövqeyini xeyli gücləndirəcək. İndi RF üçün bunun əhəmiyyəti vacibdir: “Mehri dəmir yolunun işə düşməsi indiki anda daha çox Ermənistanın özünün maraqlarına cavab verir. Çünki Gürcüstanda və İranda gedən müharibələr Ermənistanı blokadaya sala bilər və blokadanın da nə vaxt açılacağı bəlli deyil”.
Politoloq Mübariz Əhmədoğluna görə, Mehri dəmir yolunun işə düşməməsinin yeganə maneəsi Ermənistandır: “Mehri dəmir yolunun işə düşməsi üçün Azərbaycan torpaqlarının böyük bir qismi işğaldan azad olunmalıdır. Ermənistanın siyasəti Rusiyanın iştirakının artmasının əleyhinədir. Ermənistanın bu siyasəti təsadüfi deyil; Rusiyanın regiona buraxılmaması ermənilər üçün Dağlıq Qarabağ münaqişəsindən daha böyük geosiyasi divident yarada bilər. Ona görə Rusiya Dəmir Yolları Açıq Cəmiyyətinin sədri A.Mişarin yaxında Yerevanda olduğu halda Baş nazir N.Paşinyan onu qəbul etməkdən imtina etdi. Onun Ermənistana səfəri çox böyük hay-küy yaratdı. Ən azı Ermənistan rəhbərliyi A.Mişarinin Ermənistana səfərində Mehri dəmir yolunun açılmasında təzyiqi gördülər və ona görə də belə reaksiya verirlər”.
Politoloq şərhinin davamında bildirib ki, Ermənistan dinc yolla Mehri dəmir yolunun açılmasına razılıq vermirsə, Rusiya əlavə addımlar barədə fikirləşməlidir: “Müharibənin elementlərinə, hərbi əməliyyatların ümumi parametrlərinə görə ən risksiz hərbi əməliyyatlar Azərbaycanın Dağlıq Qarabağdan Ermənistana gedən koridorları vurub dağıtmasıdır. Laçın koridoru və digər zərbə altına qoyulacaq ərazilər Azərbaycanın əraziləridir və orada əhali yaşamır. Əhali tələfatı olmadığı, Azərbaycanın öz ərazisi olduğu üçün heç bir dövlət irad bildirə bilməyəcək.
İkinci ən vacib istiqamət Ağdərədən Kəlbəcər istiqamətinə qədər yarımçıq qalmış hərbi əməliyyatları davam etdirib Kəlbəcərə və buradan da Ermənistanla sərhəddə çıxmaqdır.
Üçüncü variant Mehri dəmir yolu istiqamətində Lələ Təpədən başlayaraq yarımçıq qalmış hərbi əməliyyatları davam etdirmək və Ermənistanla sərhədədək dəmir yolunu azad etmək. Beləliklə Rusiyanın dəmir yolunun bərpası sahəsindəki fəaliyyətlərinə şərait yaratmaq olar”.
“Təbii ki, Rusiya bu hərbi əməliyyatın hər üçündə maraqlıdır”, - deyən politoloq Mübariz Əhmədoğlu məsələyə münasibətini belə yekunlaşdırıb: “Amma Arazqırağı variantda Mehri dəmiryolunun keçdiyi yolu azad edərkən İran faktoru nəzərə alınmalıdır. Çünki Arazqırağı həm də İranla sərhəd deməkdir. Qalan bütün hallarda Azərbaycan müharibəni apararkən heç bir əlavə maneə ilə rastlaşmayacaq, əksinə gələcəkdə Rusiya tərəfdən bunun əvəzində hakimiyyət çox böyük dividentlər ala bilər. Beləliklə regionda bu vaxta qədər hakimiyyətlərin taleyini həll edən Dağlıq Qarabağ münaqişəsi sıradan çıxacaq”.