“Faşizmin tərənnümünə yer olmamalıdır” Siyasət

“Faşizmin tərənnümünə yer olmamalıdır”

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyanı növbəti dəfə çıxılmaz vəziyyətə saldı

“MDB dövlət başçıları dəfələrlə nasistlərin məşhurlaşdırılmasına qarşı çıxdılar, amma təəssüf ki, bu, Ermənistanda baş verir”.
“Xalq cəbhəsi” qəzetinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bəyan edib.
“Təəssüf ki, bu, MDB məkanında, xüsusən də Ermənistanda baş verir. Burada keçmiş hakimiyyət “Qaregin Njde" ləqəbi ilə alman faşistlərinə xidmət edən cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində abidə ucaltdı”, - deyə İlham Əliyev vurğulayıb.
İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin nasistlərin qəhrəman kimi təqdim edilməsinin vəziyyəti ilə bağlı may ayının hesabatına da istinad edib. Həmin hesabatda deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlığı haqda informasiyalar var.
Ölkə başçısı Njdenin Sovet hakimiyyəti tərəfindən tutulduğunu və Vladimir həbsxanasında öldüyünü xatırladıb: “Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin tərənnümünə yer olmamalıdır”.
Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb, eləcə də ermənilərin təkcə SSRİ ordusunda yox, həm də Avropa Müqavimət Hərəkatında vuruşduğunu bildirib:
“Biz həmin illərin tarixi hadisələrinin obyektiv işıqlandırılması istiqamətində istənilən konstruktiv addımları dəstəkləyirik və onların subyektiv interpretasiyası cəhdlərinə qarşı çıxırıq. Təəssüf ki, İlham Heydəroviçin nitqində biz belə cəhdləri gördük” .
Paşinyan daha sonra Njdeyə haqq qazandırmaq üçün guya onun Türkiyənin Ermənistanı işğal etməsinə qarşı vuruşduğunu deyib və özünü gülünc vəziyyətə salıb: “Belə təəssürat yaranır ki, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Doğrusu odur ki, Njde Ermənistanın türk işğalına və “erməni soyqırımı”na qarşı mübarizə aparıb”.