“Münaqişəsinin uzanması qəbulolunmaz bir vəziyyətdir” Siyasət

“Münaqişəsinin uzanması qəbulolunmaz bir vəziyyətdir”

Almaniyalı deputat: "Konflikt beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

Dağlıq Qarabağ münaqişəsinin uzanması qəbulolunmaz bir vəziyyətdir. Bunu "Trend"ə açıqlamasında Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin bildirib.
K.Ştrents qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həqiqətən də ağır bir münaqişədir və münaqişə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz bu mövqeyə üstünlük veririk ki, münaqişə qan tökülmədən beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz belə bir şəraitdə səfərimiz zamanı münaqişəyə dair əldə etdiyimiz məlumatlarla parlamentə geri qayıdırıq".
Bundestaq üzvünün sözlərinə görə, növbəti günlərdə Bundestaqın daha üç deputatı Azərbaycana səfər edəcək: "Bizim imkanımız olacaq ki, geri qayıtdıqdan sonra fikir mübadiləsi aparaq və əldə etdiyimiz informasiyanı öz ətrafımızla bölüşək".
Azərbaycana səfərinin məqsədinə gəlincə isə alman deputat bildirib ki, bu səfərdə əsas məqsəd həm inkişaf perspektivləri barədə danışmaq, həm də iki ölkəni narahat edən, qayğılandıran məsələlər barədə fikir mübadiləsi aparmaqdır: "Biz öz həmkarımızla görüşdük, fikir mübadiləsi apardıq. Qeyd edim ki, bu səfər qarşılıqlı olaraq bir-birini məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaqdan ibarət idi".
O, Azərbaycan və Almaniya arasında arasında münasibətlərin inkişaf etdiyini bildirərək, əlaqələri yüksək qiymətləndirib.