İspaniyanın “Quijote Globe” internet səhifəsində Azərbaycanın İspaniyadakı səfirinin müsahibəsi dərc olunub Siyasət

İspaniyanın “Quijote Globe” internet səhifəsində Azərbaycanın İspaniyadakı səfirinin müsahibəsi dərc olunub

Geosiyasət, beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından sayılan “Quijote Globe” beyin mərkəzinin internet səhifəsində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun “Azərbaycan kifayət qədər resursa malikdir ki, əks-hücum əməliyyatlarını sona qədər davam etdirsin” sərlövhəli müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibə zamanı “Quijote Globe” beyin mərkəzinin baş redaktoru Nunyo Rodriges səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən son həftə ərzində Ermənistanın təxribatyönümlü addımlarına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov ilk öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edilərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, Azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyi, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək, Azərbaycana qarşı təcavüz aktı törətmişdir. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olmuşdur.

Cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, oktyabrın 1-nə olan məlumata əsasən 19 dinc sakin həyatını itirib, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Azərbaycan ordusunun öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclü olduğu diqqətə çatdırılaraq, xalqımızın böyük ruh yüksəkliyi ilə Azərbaycan Silahlı Qüvvələrini dəstəklədiyi, soydaşlarımızın könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciətlərinin anbaan artdığı qeyd olunub.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından tam şəkildə azad edilməsindən sonra regionda sülh və sabitliyin bərqərar olunacağı diqqətə çatdırılıb.