MM-in plenar iclasının və parlamentin komitə iclaslarının videokonfrans vasitəsi ilə keçirilməsinə dair qanunun müddəti uzadılır Siyasət

MM-in plenar iclasının və parlamentin komitə iclaslarının videokonfrans vasitəsi ilə keçirilməsinə dair qanunun müddəti uzadılır

Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti uzadılır.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.

Ancaq qanunun qüvvədə olma müddətinin gələn ilin yaz sessiyası, yaxud ümumilikdə 2021-ci ildə qüvvədə olmasına dair yekun qərara gəlinməyib.

Müzakirələrdən sonra Milli Məclisin plenar iclasına qədər qanunun qüvvədə olma müddəti ilə bağlı yekun rəyə gəlinməsi məqbul sayılıb.

Qeyd edək ki, qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir.

Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.