“Cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır” Siyasət

“Cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır”

Fərid Mustafayev: “Onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur”

“Mən artıq bir neçə ildir ki, investorların Azərbaycana yönəldilməsi istiqamətində fəaliyyət göstərirəm. Məlum məsələdir ki, Avropa ölkələrinin güclü şirkətlərini və ya investorlarını Azərbaycana yönəltmək elə də asan iş deyil. Çünki, investorların, həmçinin böyük maliyyə dövriyyəsi olan şirkətlərin öz maraqları var. Üstəlik ölkə müharibədən yeni çıxıb. İstənilən ölkə ilə bağlı belə vəziyyət əksər hallarda onlarda tərəddüd yaradır”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev deyib. F.Mustafayev “biz, istər müharibədən öncə, istər müharibə dönəmində, istərsə də post müharibə dövründə daima Azərbaycanın haqlı mövqedə olduğunu bildirmişik. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn tələbi olduğunu vacib qurumlara çatdırmışıq”-deyə əlavə edib: “Azərbaycanın şanlı qələbəsindən sonra bu həqiqətlər öz yerini tapıb. Ali Baş Komandanın başçılığı altında 44 günlük müharibədən dərhal sonra işğaldan azad edilmış ərazilərin yenidən qurulması işləri başlanılıb. Ən əsası isə cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır. Onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur. Eyni zamanda dövlət başçısının göstərişi ilə tez bir zamanda layihələrin sürətlə tətbiq edilməsi xarici iş adamlarının nəzərindən yayınmayıb. Onlarda oyanan bu maraq bir çox şirkət və investorların məhz Qarabağ ərazisinə yatırım qoymasına təkan verdi. Mən, dəfələrlə investorlarla söhbətimdə onların məhz Qarabağ ərazisinə yatırım qoymaq istəmələrinin səbəbini soruşurdum. Böyük bir investisiya fondunun rəhbər şəxslərindən birinin mənə verdiyi cavabı eyni ilə təkrar edirəm: “Azərbaycan çox əlverişli coğrafiyaya malikdir. Eyni zamanda çox sürətlə inkşaf edən ölkələr sırasındadır. İşğalda olan ərazilərin qaytarılması və həmin ərazidə infrastrukturun bərpası çox yaxın gələcəkdə Azərbaycanın daha böyük iqdisadi gücə çevrilməsi ilə nəticələnəcək. Bir çox ticarət əlaqələrinin həmin ərazidən keçməsi o ərazilərin nə qədər zəngin və dəyərli olduğunu göstərir. Bu gün işğaldan azad olunmuş ərazilərə qoyulan yatırım yaxın gələcəkdə üçqat gəlir gətirəcək”. Bu sözləri deyən adam çox peşəkar və böyük təcrübəyə malik olan bir insandır. Buna görə də investorların həmin ərazilərə yatırım qoymaq arzusu təsadüfi deyil”.
F.Mustafayev əlavə edib ki, biz investorları yalnız Qarabağ ərazisinə deyil, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinə yatırım etməyə çağırırıq: “Misal üçün Ələt Azad İqdisadi Zonası bizim investorlar tərəfindən çox böyük maraqla qarşılanıb. Artıq iki böyük şirkət Ələt Azad İqdisadi Zonasındakı layihələrə yatırım qoymağa hazır olduqlarını bildiriblər. Biz, həmçinin kənd təsərrufatı sahəsində də böyük layihələrin başlanmasına start vermişik. Bu tək heyvandarlığın inkişaf etdirilməsi ilə məhdudlaşmır. Həmçinin bu sahədə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması, onların peşəkarlığının artırılması da nəzərdə tutulub. Kənd təsərrufatı mütəxəssislərinin məhz Avropada hazırlanması və təcrübə keçməsi yaxın gələcəkdə Azərbaycanda da bu sektorun muasir formada inkşafına təkan verəcək. Bir daha nəzərinizə çatdırım ki, investisiya layihələrimizin uğurla başa çatacağına əminik. Azərbaycanda olan siyasi və iqtisadi stabillik buna şərait yaradır. Biz, dəmir yumruğu tək döyüş meydanında yox, bütün sahələrdə göstəririk”.

Əli Zülfüqaroğlu