Azərbaycanda mətbuata geniş azadlıq verilib Layihə

Azərbaycanda mətbuata geniş azadlıq verilib

"Freedom House" kimi təşkilatların böhtanları bu azadlığa xələl gətirə bilməz

"Freedom House" beynəlxalq insan haqları təşkilatı 2013-cü il üzrə mətbuat azadlığı hesabatını yayıb. Bu dəfə də bu təşkilat Azərbaycanı azad olmayan ölkələr cərgəsində (100 mümkün baldan 84 bal) göstərib. Adıçəkilən təşkilatın bu hesabatı heç də Azərbaycanda söz və mətbuat azadlığının olmaması demək deyil. Bu gün ölkədə yetərincə qəzet sə internet portalları fəaliyyət göstərir, əhali sosial şəbəkələrdən geniş istifadə etməkdədir.
Onu da bildirək ki, hökumət internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə İKT ili elan olunmuşdu. Artıq Azərbaycanda elektron demokratiya formalaşıb. Ölkədə "Elektron hökumət"in qurulması, ASAN xidmətin yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir.
Dövlət ünsiyyətin yeni forması kimi sosial şəbəkələrdə məmur-vətəndaş arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi üçün dəstəyini davam etdirəcək.
Mətbuat azadlığının boğulmasında kimsə ittiham olunursa, onda Azərbaycanda əhalinin 65 faizindən çoxunun istifadə etdiyi azad və senzurasız internetdən nə üçün danışılmır?! Yəni, informasiyalar və xəbərlər tamamilə əlyetərli olmasaydı, onda informasiyanın yayılmasına qadağa qoyulması və mətbuat azadlığının boğulması barədə mühakimə yürütmək olardı. Hökumət azad medianı təkidlə və qərəzlə boğmaq istəsəydi, Azərbaycan vətəndaşlarının internetdən sərbəst istifadə etmək imkanlarını genişləndirməzdi. Əksinə son illər telekommunikasiya texnologiyaları sahəsində mühüm layihələr həyata keçirilir. Azərbaycan ötən ilin fevralında "Azerspace/Africasat-1a" birinci telekommunikasiya peykini orbitə çıxarmış və yaxın illərdə daha iki peyki orbitə çıxarmağa hazırlaşır. Bu, Azərbaycana gələcəkdə telekommunikasiya layihələrinin mərkəzi olmaq, ölkənin nüfuzunu qaldırmaq, daxili bazarda internetin və digər kommunikasiyaların qiymətlərini ucuzlaşdırmaq, Azərbaycan vətəndaşının imkanlarını, o cümlədən istər respublikada, istərsə də onun hüdudlarından kənarda müxtəlif informasiyalardan istifadə imkanlarını genişləndirmək fürsəti verəcəkdir.
Belə olan halda bəs nə üçün bəzi beynəlxalq təşkilatlar vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Azərbaycan hökuməti informasiyadan istifadəni və onun yayılmasını məhdudlaşdırır?! Respublikada minlərlə bloqqer, vikipediyaçı, forumçu və sosial şəbəkələrin milyonlarla, o cümlədən "Facebook"un 1,2 milyondan çox istifadəçisi vardır. Təkcə "Facebook"da yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağ münaqişəsindən tutmuş xırda məişət məsələlərinədək müxtəlif növ problemləri müzakirə edir. Bloqqerlər ictimai diskussiyalar və fikir mübadiləsi aparmaq üçün özlərinin "informasiya kanallarını" yaradırlar. Bəli, televiziya və radionun mövcud olması əhəmiyyətlidir, qloballaşma qarşılıqlı informasiya mübadiləsinin ənənəvi növlərini yavaş-yavaş arxa plana keçirir, internet isə əksinə, irəli çıxır. Çünki ənənəvi mətbuatın populyarlığı itir, qəzet abunəçilərinin sayı isə durmadan azalır. Biz elə bir dünyada yaşayırıq ki, burada hələ 2005-ci ildə işə salınmış siyasiyönümlü "The Huffington Post" elektron bloqu dövriyyəsi 100 milyon dollar olan informasiya portalına və multimilyonluq biznesə çevrilib. İnternetin imkanları hüdudsuzdur və əlçatan, azad internetdə söz azadlığı məhdudlaşdırıla bilməz. Yəni, Azərbaycanda əhalinin 65 faizi (bu isə 6 milyondan artıq vətəndaş deməkdir) internetdən istifadə edirsə, ölkədə söz azadlığının boğulmasından danışmaq olarmı?! Hökumət vətəndaşların, xüsusən, gənclərin informasiyadan sərbəst istifadə etməsinin əleyhinədirsə, onda peyklər buraxmaq və kommunikasiyaların imkanlarını genişləndirmək Azərbaycanın nəyinə gərəkdir? İnternet azadlığı, heç şübhəsiz, imkanları genişləndirir, istər müxalifətə, istərsə də müxalifət qəzetlərinə platforma verir.
Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" və "Human Rights Watch" kimi təşkilatların bu günlərdə Azərbaycanla bağlı yaydığı hesabatı şərh edərkən deyib: "Son 6-7 ildir ki, "Freedom House" və "Human Rights Watch" təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar. Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər və onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər. Bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda, həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir. Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi "Azərbaycan" arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir. Odur ki, biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib, onları doğru yola dəvət edəcəyik".
Oxucu.info portalının baş redaktoru Məhərrəm Ağalaroğlu da adıçəkilən təşkilatı rəsmi Bakının ünvanına böhtan yağdırmaqda ittihamlayıb: "Azərbaycanda mətbuat azadlığı yetərincə təmin edilir. Hesabatda göstərilənlər qətiyyən reallığı əks etdirmir. Azərbaycanda kimliyindən asılı olmayaraq istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Bu halda "Freedom House"un hesabatında əks olunanlar qərəzli, subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan fikirlərdir. 1998-ci ildə senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuat tarixində önəmli hadisə idi. 1999-cu ildə KİV haqqında çox mütərəqqi qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir. Bu fond 2009-cu ildən fəaliyyət göstərir və bir çox uğurlu layihələr reallaşdırır. Bu layihələr həm redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, həm də əməkdaşların peşəkarlığının artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da çox uğurlu addım idi".
M.Ağalaroğlu onu da qeyd edib ki, bulə təşkilatlar ermənilər tərəfindən himayə olunurlar və onların tapşırıqlarını yerinə yetirirlər: "Azərbaycanda hansısa jurnalistin həbsinin şişirdilməsi və rəsmi Bakıda azad mətbuatın boğulması kimi qələmə verilməsi düzgün deyil. Azərbacyanda mətbuat azad olmasaydı bu qədər qəzet, internet portalları fəaliyyət göstərməzdi. Bilirsiniz, söz, fikir azadlıqlarının, müstəqil mətbuatın inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən qayğı, yeni media siyasəti ölkəmizin MDB-nin ən demokratik dövlətlərindən birinə çevrilməsinə yol açdı. Bununla belə hadisələrin gedişi göstərdi ki, mətbuat, söz azadlığı, fikir plüralizminin inkişaf etdirilməsinə baxmayaraq, müəyyən neqativ halları tam şəkildə aradan qaldırmaq olmur. Bu da öz növbəsində mətbuatın özünü tənzimləmə mexanizminin formalaşdırılmasını və elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsini zərurət kimi ortaya çıxardı. 2003-cü ildə mətbuatda özünütənzimləmə mexanizmini həyata keçirən Mətbuat Şurası yaradıldı. Bununla da müstəqil KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi".
Ekspert Elçin Bayramlının fikrincə, "bu gün örnək göstərilən ölkələrdə də media tam azad deyil. Qərb mediası bütün dünyaya obyektivlik dərsi keçsə də, özləri öz dövlətlərinin və nəhəng transmilli şirkətlərinin maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı da bacarırlar. Bəzən deyirlər ki, ölkədə mətbuat azadlığı yoxdur. Necə yəni yoxdur? Kim istəsə icazəsiz qəzet-jurnal, portal açır, istədiyini orda yazır və sosial şəbəkələr vasitəsilə böyük oxucu kütləsinə çatdıra bilir.
Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid etmək mümkün olmazdı, 5 min KİV, on minlərlə internet resursu yarana bilməzdi. Belə olmasaydı, həbs olunan, cərimə edilən jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mətbuatını izləyəndə hər gün yüzlərlə qanun pozuntusuna rast gəlmək olur.
İnkişaf etmiş dövlətlərdə məmurlara bir məsələ aşılanır - aldığınız maaşın yarısı tənqid və təhqirlər dözməyiniz müqabilində verilir. Bizdə də məmurların jurnalistləri məhkəməyə vermə hallarına çox az rast gəlinir. Əslində ictimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir".

Cavid