“2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər” Layihə

“2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər”

Tofiq Abbasov : "Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır"

Aydın Quliyev: "Paşinyanın məqsədi substantiv danışıqlardan yayınmaqdır"

Eldəniz Səlimov: "Torpaqlarımızın tam azad olunması günü uzaqda deyil"


ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri, baş nazir Nikol Paşinyanla görüşməsindən gözləntilər az olsa da, danışıqların bərpa olunacağına ümid var idi. Amma görünən odur ki, danışıqlar prosesi hələ bir müddət baş tutmayacaq.
Məlumata görə, Ermənistan və Azərbaycan rəhbərliyinin mümkün görüşünün müzakirə edildiyi toplantıda "Qarabağın tərəf kimi çıxış etməsi" məsələsinə ümumiyyətlə toxunulmayıb.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, Ermənistan üçün "Qarabağın tərəf kimi iştirakı" məsələsinin ilkin şərt olmadığını göstərir. Hərçənd, Ermənistanın yeni rəhbərliyi uzun müddət idi ki, bu məsələni israrla gündəmə gətirirdi. Görünür, İrəvanda Bakı ilə toqquşmağın öz ziyanlarına olduğunu anlayanlar hələ də var.
Erməni şərhçi qeyd edir ki, Azərbaycanın son vaxtlar Qarabağ və Naxçıvan cəbhəsində irəliləməsi və arsenalına yeni dağıdıcı silahları daxil etməsi müharibə təhlükəsi üçün ciddi siqnal oldu.
"Ermənistan rəhbərliyi daha ehtiyatla davranmaq yolunu seçir", - deyə o qeyd edib.
Həmsədrlərin İrəvana səfəri fonunda Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlişi və qondarma rejimin "prezidenti" Bako Saakyanla qapalı müzakirələr aparması diqqət çəkib.
Erməni şərhçi Aram Amatuni hesab edir ki, Qarabağ cəbhəsində müharibənin yenilənməsi təhlükəsi mövcuddur və Sarkisyanın Saakyanla Xankəndindəki qapalı toplantısında məhz bu məsələlər müzakirə olunub.
"Təbii ki, Xankəndidə son vaxtlar Qarabağdakı etiraz aksiyaları və Saakyanın gedişi məsələsi də müzakirə edilib. Lakin indiki məqamda müharibə təhlükəsinin müzakirəsi daha aktualdır. Cəbhədəki hadisələr erməni hərbi birləşmələrinin daha yaxşı müdafiəsini zəruri edir. Xankəndidəki toplantıda da məhz bu məsələlər əsas müzakirə mövzusu olub", - deyə Amatuni iddia edib.
Ermənistanın müdafiə naziri David Tonoyan da ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şeffer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Ermənistan KİV-i xəbər verir ki, təmas xəttindəki vəziyyətlə bağlı təhrif olunmuş məlumat təqdim edən nazir Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi barədə danışıb. Bundan başqa, erməni nazir azərbaycanlı snayperlərin ön xətdə fəlaiyyətinə görə, Ermənistan ordusunun itkilər verdiyini də qeyd edib.
Bundan başqa Ermənistan rəsmiləri Azərbaycan ordusunun silahlanmasından narahat olduqlarını da dəfələrlə dilə gətiriblər. Azərbaycan isə torpaqlarının işğalda olduğunu bildirir və silahlanmanın onun təbii haqqı olduğunu vurğulayır.
Həmçinin bir müddər öncə Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəf kimi iştirak etməli olduğu barədə bəyanatı da danışıqlar prosesinə zərb vuran faktordur. Bundan əlavə işğalçı dövlət rəhbərinin bu cür qeyri ciddi və qeyri peçəkar açıqlama ilə gündəmə gəlməsini erkspertlər onun naşı və prosesdən xəbərsiz olması kimi dəyərləndiriblər.
Bu səbəbədən də həmsədrlərin bundan sonrakı mərhələdə də danışıqlar prosesi ilə bağlı hər hansı irəliləyişə nail olacağı inandırıcı görünmür. Belə olduğu halda hərb variantı ilə torpaqların işğaldan aad edilməsi məsələsi yenidən ön plana keçir.
Politoloq Tofiq Abbasov deyib ki, 2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər. O bildirib ki, Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır: "Ermənistanda inqilabi yolla hakimiyyətə gələn yeni adamlar özləri ilə heç bir praqmatik və müsbət düşüncə gətirmədilər. Bu onu göstərir ki, Ermənistanda qarşıdurma siyasətinə meyilli olan qüvvələrin mövqeləri daha güclüdür. Bu qüvvələr hər an regionda Azərbaycan-Ermənistan münaqişəsi üzərindən böyük problemlər yarada bilər. Azərbaycanın son addımları - Belarusdan "Polonez"lərin alınması, Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim uçuşları keçirməsi məhz bunun qarşısını almağa yönəlib. Ermənistan bilməlidir ki, Azərbaycana qarşı atılacaq hər hansı bir səhv addım Aprel hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi çox dəqiq siyasət aparır və bütün problemlərin qarşısını almaq üçün vaxtında düzgün qərarlar verir".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev diqqətə çatdırıb ki,
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəf kimi iştirak etməli olduğu barədə bəyanatının məqsədi danışıqları uzatmaqdan başqa bir şey deyil.
Baş redaktor bildirib ki, N.Paşinyan yeni vəzifəsində özünü konstruktiv göstərməyə cəhd etsə də, əslində özündən əvvəlki hakimiyyətdən daha aqressiv, daha pozucu və təxribatçı siyasət aparmağa çalışır: "Paşinyan bu gün Qarabağ probleminin həlli üçün illərdən bəri formalaşmış danışıqlar formatını dəyişməyə cəhd edir. Onun qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakı ilə bağlı iddiası formatı dəyişmək cəhdidir. Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq münaqişənin tərəfləri Azərbaycan və Ermənistan, münaqişənin maraqlı tərəfləri isə Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarıdır. Danışıqlar da Azərbaycan və Ermənistan arasında gedir. Bu format çərçivəsində Azərbaycan indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə dünyada lazımi rəy yarada bilib. Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan təcavüzkardır, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal altındadır. Dünya artıq qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ilkin olaraq status-kvonun dəyişdirilməsi şərtii lə həll olunmalıdır. Bu gün Paşinyan bu fikri ortaya atmaqla formalaşmış həmin siyasi və hüquqi çərçivəni dəyişməyi hədəfləyib. Burada da məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesini yubatmaqdan başqa bir şey deyil. Paşinyan indi də qondarma rejimi dünyaya müstəqil subyekt kimi tanıtmağa cəhd edir. Bu da danışıqları pozan, qeyri-konstruktiv hərəkətdir və indiyə qədər əldə olunmuş nəticələri alt-üst etmək məqsədi güdür. Çox güman ki, Minsk qrupunun həmsədrləri bunu anlayacaq və Paşinyanın bu siyasətinin qarşısında lazımi maneələri qoyacaq".
Ekspert qeyd edib ki, bu gün dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini anladığı üçün Azərbaycan yalnız substantiv danışıqlara hazırdır: "Vaxt uzatmaq, vaxt itirmək Azərbaycana sərf etmir. Paşinyanın məqsədi bu substantiv danışıqlardan yayınmaqdır. Amma məqsədinə çata bilməyəcək".
Millət vəkili Eldəniz Səlimov vurğulayıb ki, Azərbaycan ordusunun Lələtəpədən başlanan uğurlu addımları Şərur rayonunun Günnüt kəndini və ona bitişik yüksəklikləri ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilməsi ilə davam edir. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyev bir daha düşmənə fikirləşməyə şans və zaman verdi: "Ordumuzun güclü olması hamı tərəfindən qəbul olunur. Dəfələrlə Ali Baş Komandan, möhtərəm Prezidentimiz dünyanın mötəbər məclislərində bəyan edir ki, biz sülhsevər xalq olmaqla öz torpaqlarımızı azad olunmasına çalışırıq. Əgər bu baş verməsə, digər yollardan istifadə etməklə torpaqlarımızı azad edəcəyik. Naxçıvanda alınan torpaqlarda bu siyasətin bariz nümunəsidir. Günnüt kəndi ətrafında alınan yüksəkliklər demək olar ki, Ermənistanın bir hissəsi və Laçın yolunun tam nəzarətə alınması təmin edilmişdir. Bu hərbi əməliyyat düşmənə verilən dərsdir. Yeni hakimiyyətə bir mesajdır. Torpaqlarımızın tam azad olunması günü uzaqda deyil. Ali Baş Komandanın rəhbərliyi ilə buna yaxın zamanda ordumuz nail olacaq".


Əli