Lissabon sammitindən 22 il ötür Layihə

Lissabon sammitindən 22 il ötür

1996-cı il 2-3 dekabrda Lissabonda ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi.
Zirvə toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini və əhəmiyyətini Azərbaycan Prezidenti Heydər Əliyev zirvə görüşünə yola düşməzdən qabaq, 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə bəyanatında bildirib. O, Lissabon sammitinin məhkəmə qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti qərar verə biləcək qurum olmadığını elan edib.
Eyni zamanda Heydər Əliyev bu zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyi haqda məlumat verib. Prezident həmçinin Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirib.
Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib, Rusiyanın təsiri ilə atəşkəsin əldə edilməsini təqdir edib və Azərbaycanın sülh müqaviləsi bağlanana qədər atəşkəs rejiminə əməl edəcəyini bildirib. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah edib.
Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də Lissabondakı nitqində bildirib: "Həmin bəyanat əslində tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir."
Nəhayət, Heydər Əliyev Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını-Lissabon prinsiplərini göstərdiyini söyləyib. O, ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısı nitqində də elan edib:
- Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi
- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi
Həmin prinsiplər ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.
Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Azərbaycan Prezidenti zirvə görüşündəki nitqində bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib.
O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır."
Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər."
Bütün bu çağırışlara baxmayaraq Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olub. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib.
ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan edib. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.
Heydər Əliyev isə sammitin başa çatdığı gün 1996-cı il dekabrın 3-də Lissabonda jurnalistlərə verdiyi müsahibədə Zirvə görüşünün qərarından razı qaldığını deyib. O, Lissabon layihəsinin hətta Azərbaycanı da tam təmin etmədiyini, amma Ermənistanın yenə də bununla razılaşmadığını bir daha elan edib. Azərbaycan rəhbəri Ermənistanı beynəlxalq prinsiplərə qarşı çıxmaqda ittiham edib: "Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən imtina deməkdir."
Rusiya nümayəndə heyətinin rəhbəri eks baş nazir Viktor Çernomırdin də ATƏT sədrinin bəyanatı ilə razılaşdığını, münaqişənin məhz həmin prinsiplər əsasında tənzimlənməsinin mümkünlüyünü təsdiq edib. Heydər Əliyev Çernomırdinin Dağlıq Qarabağ məsələsi ilə gələcəkdə də məşğul olacaqlarını bəyan etdiyini də bildirib. Azərbaycan dövlət başçısı Ermənistan prezidentinin Azərbaycanın danışıqları kəsməsi haqda bəyanatına da münasibət bildirərək prezidentlərin nümayəndələri arasında birbaşa danışıqların davam etdiriləcəyini qeyd edib.
Prezident Heydər Əliyev Lissabonda olarkən zirvə görüşündə fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsi barədə Rusiya, Türkiyə, Portuqaliya, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri televiziyalarına da müsahibə verib. Rusiyanın "Vesti" informasiya-televiziya proqramının müxbiri ilə söhbətində o, baş nazir Çernomırdinin timsalında Rusiyanın ATƏT sədrinin məlum bəyanatını müdafiə etdiyini yenidən təsdiqləsə də, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu irəli çəkib: "Bu münaqişə ilə ATƏT məşğul olur. Lap əvvəldən belə olmuşdur. Minsk qrupu ATƏT-in tərkibindədir və o, məhz ATƏT-in qərarı ilə 1992-ci ildə yaradılmışdır."
Danimarka televiziyasına müsahibəsində Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda ümumi məlumat verib və Lissabon zirvə görüşündə danışıqlara müvafiq mandat aldıqlarını hesab etdiyini bildirib. Portuqaliya televiziyası müxbirinə müsahibəsində Azərbaycan dövlət başçısı yenidən Rusiyanın təsiri məsələsinə qayıdaraq onun Ermənistanla əlaqələrinin fəal olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin törədilməsində Sovet İttifaqı rəhbərliyini günahlandırıb. Bundan başqa Heydər Əliyev Rusiyanın Ermənistana təsir göstərməsinin mümkünlüyünü və Rusiyanın əvvəldən bu münaqişənin qarşısını almaq, qırğına yol verməmək imkanlarının olduğunu da irəli sürüb. Azərbaycan Prezidenti ATƏT sədrinin məlum bəyanatı müqabilində Ermənistan tərəfinin düşünməli olduğunu da ifadə edib.
Heydər Əliyev Lissabon Zirvə görüşündə fəaliyyəti, məlum prinsiplərin qəbul etdirilməsi istiqamətində mübarizəsi haqda 5 dekabr 1996-cı ildə Bakıya qayıdarkən təyyarədə jurnalistlərə daha ətraflı məlumat verib. Azərbaycan rəhbəri toplantıdan əvvəl vəziyyətin əlverişli olmadığını, Lissabon sammitinin əsas sənədi-"Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli" adlı bəyannamədə Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı təminedici olmayan bənd də salındığını bildirib.
Heydər Əliyev Minsk qrupunun fəaliyyətinin indiyə qədər nəticə verməməyində Ermənistanı günahlandırıb. Prezident erməni tərəfinin həmin prinsipləri qəbul etməməyini əsas maneə hesab edib.
Azərbaycan dövlət başçısı Bakıya qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət nümayəndələri ilə görüşündə ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir edib. Prezident bildirib ki, Böyük Sülh Sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək Dağlıq Qarabağa müstəqillik statusu almaq cəhdindən irəli gəlir.
Azərbaycan prezidenti Ermənistan rəhbəri ilə birlikdə verilən Lüksemburq bəyanatına qayıdaraq münaqişənin həllinə aid ilk birgə bəyanatın da son məqsədə çatmağa kömək etmədiyini deyib. O, məsələnin həlli üçün göstərilən prinsiplərin qəbul olunması məqsədilə Lissabon sammiti ərəfəsində ATƏT üzvü ölkələrinin dövlət və hökumət başçılarına məktublar göndərdiyi haqda məlumat verib. Cavabında isə onlar tərəfindən Azərbaycanın mövqelərinin müdafiə olunduğunu bildirib. Heydər Əliyev ayrıca olaraq ABŞ prezidenti Bill Klintonun da məktub göndərərək təkliflərlə razılaşdığını vurğulayıb.
Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına da zərbə hesab edib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda indiyə qədər Azərbaycandan üstün olduğunu, Lissabonda baş verən veto qarşıdurmasından sonra isə bu münaqişə ilə bağlı iştirakçı dövlət rəhbərlərinin maraqlandığını, eyni zamanda sammitin fəaliyyətini izləyən dünya miqyaslı mətbuat orqanlarına da münaqişə haqda məlumatların verildiyini bildirib.
Prezident Heydər Əliyev elə həmin gün mətbuat nümayəndələrinə Lissabon sənədinin danışıqlarda yeni mərhələ açdığını, toplantıda destruktiv fəaliyyət aparan Ermənistan tərəfi ilə anlaşma niyyətində olduğunu bir daha elan edib.
Heydər Əliyev 1996-cı il 6 dekabrda Lissabon görüşünün əhəmiyyətini erməni tərəfinin həmin prinsipləri qəbul etməməsi ilə deyil, onların səsləndirilməsi uğrunda aparılan gərgin mübarizəyə görə qiymətləndirib: "Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan - Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik."

Cavid