“Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda”-QHT layihənin icrasına başladı Güney Azərbaycan

“Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda”-QHT layihənin icrasına başladı

"Yaşıl Dünya" Ekoloji Maaaifləndirmə İctimai Birliyi Azərbaycan Respublİkasının Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" adlı layihənin icrasına başlayıb. Bu barədə məlumatı təşkilatın sədri Elman Cəfərli verib.


QHT sədri deyib ki, Güney Azərbaycan ərazisində yerləşən və 10 ildən çoxdur sürətlə qurumaqda olan Urmiya gölünün bərpası istiqamətində ciddi addım atılmır.
"Sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edə zəngin mineral ehtiyatlara, o cümlədən, 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromidə malik olan Urmiya gölü fəlakətli günlərini yaşayır.
Əvvəllər göldə 32 milyon kubmetr su var idisə indi həmin rəqəm yalnız 3 milyona enib. Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb.
Bura xeyli sayda çay, o cümlədən Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çayları tökülərdi. Lakin İran hökuməti gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb. Hazırda Urmiya gölünün 94 faizi quruyub"-deyən, QHT sədri bildirib ki, Urmu gölünün quruması və bu prosesə laqeydlik, habelə gölün bərpası layihələrinin yubadılması böyük bir qlobal fəlakətə yol açır.
"Mütəxəssislər hesab edir ki, Urmiya gölü tamamən quruyarsa onun yerində 10 milyard ton duz qalacaq. Göl quruyarsa duz fırtınaları əmələ gələcək. Bu isə insanların sağlamlığına, kənd təsərrüfatına xeyli ziyan vuracaq. Gölün yerində bataqlaşmış sahələr, şoranlıqlar meydana gələcək. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaq".
Elman Cəfərli deyib ki, Urmiya gölünə yönəlik ekoloji terror dayandırılmalı, gölün bərpası prosesi sürətləndirilməlidir.
"İran adlanan dövlət Urmiya gölünün bərpasına lazımi diqqəti ayırmır. Bunun da iqtisadi və siyasi səbəbləri var.
İran hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən bölgədə ekoloji fəlakətin böyüməsində maraqlıdır. Gölün quruması ilə yaranacaq duz fırtınası, susuzluq, yayılan xəstəliklər insanların kütləvi köçünə səbəb olacaq. Bölgə türksüzləşəcək. Urmu hövzəsini tərk edən əhali fars əyalətlərində yerləşən inkişaf etmiş sənayə şəhərlərinə üz tutacaq"-deyə, o, bildirib.
Elman Cəfərli deyib ki, layihənin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Urmiya gölünün quruması ilə bağlı yaranacaq ekoloji fəlakətə, göldən qalxan duz fırtınalarının yaradacağı xəstəliklərə çəkmək, Urmiya gölünün qurumasına rəvac verən siyasi və iqtisadi maraqları üzə çıxarmaq, ekoloji terrora göz yumanları ictimai qınağın hədəfinə gətirmək, gölün bərpası ilə bağlı layihələrin qəbul edilməsinə və bərpa işlərinin sürətlənməsinə nail olmaqdır.
Onun sözlərinə görə, 3 aylıq layihə çərçivəsində Urmiya gölü ilə bağlı sənədli film hazırlanacaq, kütləvi informasiya vasitələrində təbliğat xarakterli materiallar yerləşdiriləcək, ictimai müzakirələr təşkil ediləcək.