Elxan Məmmədov: “Azərbaycanlı azarkeşlər tərəfindən Türkiyəyə böyük dəstək olacaq" İdman

Elxan Məmmədov: “Azərbaycanlı azarkeşlər tərəfindən Türkiyəyə böyük dəstək olacaq"

“Bizim köklərimiz birdir. Demək olar ki, eyni dilimiz var, buna görə bir-birimizi başa düşürük. Bu da böyük üstünlüklərdən biridir”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Fransanın AFP xəbər agentliyinə açıqlama verən qurum rəsmisi Türkiyə yığmasının AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda keçirəcəyi ilk oyun öncəsi iki ölkə arasındakı sıx əlaqələrdən bəhs edib: “Digər üstünlük coğrafi cəhətdir. Qonşu, həmsərhəd ölkələrik, Türkiyədə yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan türkiyəlilər çox böyük cəmiyyətə sahibdir. Onlar üçün bura səyahət etmək asandır, çünki birbaşa uçuşlar var. Bu, azarkeşlər üçün böyük üstünlükdür. Çünki iki saat yarım ərzində Bakıya gələ bilirlər. Azərbaycanlı azarkeşlər tərəfindən Türkiyəyə böyük dəstək olacaq. Türkiyə xalqı bizim qardaşımızdır”.

Elxan Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olmasına, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə işğaldan azad olunan torpaqlarımıza yollanmasına da münasibət bildirib. Vitse-prezident bunun “iki dövlət, bir millət” devizinin sübutu olduğunu vurğulayıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın bir daha sübutudur. Azərbaycan və Türkiyə futbol federasiyaları AVRO-2020-nin püşkatması zamanı “ay-ulduzlular”ın oyunlarının Bakıya düşməsinə çox sevindilər”.

Qeyd edək ki, Türkiyə yığması bu gün Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.