Böyük hərbi əməliyyat başladı Dünya

Böyük hərbi əməliyyat başladı

ABŞ ordusu İncirllik hərbi bazasından pilotlu təyyarələrlə İŞİD mövqelərini bombalayır

Cavid

Türkiyə və ABŞ ordusu İŞİD terror qruplaşmasını məhv etməyə davam edir. İŞİD-lə mübarizə üçün əldə olunan razılıq əsasında İncirlik hərbi bazasından istifadə etmək hüququ qazanan ABŞ terrorçu qruplaşmaya qarşı böyük əməliyyata başlıyıb. Bu haqda ABŞ ordusunun yüksək vəzifəli zabiti Reuters xəbər agentliyinə deyib. Pentaqon sözcüsü Elissa Smit bu gündən etibarən ABŞ ordusunun İncirllik hərbi bazasından pilotlu təyyarələrlə terror təşkilatını bombalayacağını açıqlayıb. Bundan əvvəl ABŞ ordusu pilotsuz təyyarələrlə İŞİD mövqelərini bombalayırdı. Avqustun 6-da ABŞ Türkiyənin cənubundakı İncirlik hərbi bazasından İŞİD terror qruplaşmasına ilk zərbələri endirib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində bildirib ki, ölkə ABŞ liderliyindəki koalisiya ilə birlikdə İŞİD terror qruplaşmasına qarşı hərtərəfli döyüşə başlayacaq. Suriya isə bildirir ki, Dəməşqlə razılaşdırılmamış hər hansı hərbi əməliyyat ölkənin suverenliyini pozacaq. Ötən ay Türkiyə hakimiyyəti ABŞ-a ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyadan istifadə etməyə icazə verib. Bu haqda "The Wall Street Journal" Amerika qəzetinin elektron versiyası bildirib. Nəşrin Pentaqondan olan mənbələri iddia edir ki, çoxaylıq danışıqlardan sonra Türkiyə ABŞ hərbiçilərinə Suriya ilə sərhədə yaxın ABŞ hərbi bazasından İŞİD döyüşçülərinə havadan zərbələr vurmağa icazə verməyə razılaşıb. Söhbət həm təyyarələr, həm də pilotsuz təyyarələr haqqında gedir. Türkiyə Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açılıb. Əsas hədəf İŞİD və Əl-Nüsra kimi radikal terror qruplaşmaları olacaq. Ehtiyac olacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahəsindən keçərək İraq və ya Suriyaya keçə biləcək. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutmuş telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğu bildirilir.
Bu arada CNN Türk Türkiyə kəşfiyyatının PKK ilə bağlı hesabatını yayımlayıb. Türkiyə hökumətinin PKK-ya qarşı apardığı əməliyyatların nə dərəcədə təsir etməsi belə hesabatda yer alıb. Qeyd edilir ki, PKK düşərgələri böyük ölçüdə məhv edilib. Bombardmana məruz qalmış Kandil, Hakurk, Zap, Qara, Mətnə, Haftanin və Avaşin-Basyan düşərgələrinin 80 faizinə böyük zərbə dəyib. Əməliyyatlar zamanı 300-ə yaxın terrorçu öldürülüb, 500 nəfər yaralanıb. 800 terrorçunun isə savaşdan kənarda qaldığı bildirilib. Hesabatda ən diqqət çəkən məqamlardan biri kimi təşkilat liderlərinin yerdəyişmə etmələri göstərilir. Belə ki, Murad Karayılanın İrana, Cəmil Bayıkın isə Suriyaya keçdiyi hesabatda yer alıb. Həmçinin qeyd edilir ki, terror təşkilatının çoxlu sayda silahlı üzvü şəhər mərkəzlərində və mülki yaşayış yerlərində məskunlaşıblar. Terrorçuların yerləşdiyi evlərin zirzəmilərində tunellər qazıldığı, bəzi evlərin bu tunellər vasitəsilə bir-birinə yolu olduğu vurğulanıb. Türkiyə hökuməti isə AB nümayəndəsi Volkan Bozkırla Avropa Birliyinə sərt xəbərdarlıq göndərib. Xəbərdarlıqda rəsmi Ankara Avropanı terrorla mübarizədə Türkiyəyə mane olmamağa çağırıb: "Terrorla mübarizədə bizə mane olanları unutmarıq". Bozkır TRT 1-ə verdiyi açıqlamada Türkiyənin qərb dünyasından dəstək görmək istədiyini deyib: Qərb dünyasındakı dostlarımız bütün imkanlarıyla yanımızda görmək istəyirik.