Fransızların fikrincə, ölkədə təhlükəsizliklə bağlı vəziyyət pisləşir - Sorğu Dünya

Fransızların fikrincə, ölkədə təhlükəsizliklə bağlı vəziyyət pisləşir - Sorğu

Fransızların böyük əksəriyyəti ölkədə təhlükəsizliklə bağlı vəziyyətin getdikcə pisləşdiyi fikrindədir.

Trend xəbər verir ki, bu fikir “Le Figaro” qəzetinin sifarişi ilə Fiducial/Odoxa xidmətinin apardığı sosioloji tədqiqatın nəticələrində əksini tapır.

Belə ki, sosioloji rəy sorğusunda iştirak edən vətəndaşların 92 faizi Fransada təhlükəsizliklə bağlı vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.

Bundan başqa, fransızların 60 faizi evlərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Onların 33 faizi binalarının giriş qapılarında kod olan mühafizə sistemləri quraşdırıb, 26 faizi evlərini siqnalizasiya ilə, 24 faizi videonəzarət kamerası ilə təchiz edib, 21 faizi isə gözətçi iti alıb. Eyni zamanda, hər beşinci fransalıdan biri özü ilə bibər qazı balonu gəzdirir.

Bununla yanaşı, Fransa əhalisinin üçdə birindən azı – 29 faizi Parisdə keçiriləcək Yay Olimpiya Oyunları öncəsi təhlükəsizliyin təmin olunması istiqamətində hökumətə güvənir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, son üç həftə ərzində terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb. Onların hamısının İŞİD qruplaşması ilə əlaqəli olduğu iddia edilir.

Martın 24-də Fransanın Baş naziri Qabriel Attal Milli Müdafiə Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırdığını bəyan edib. Respublikanın daxili işlər naziri Jerald Darmanen isə ölkənin misli görünməmiş terror təhlükəsi ilə üz-üzə olduğunu bildirilib.