Fransa prezidentinin arvadı birinci ledi olmayacaq Dünya

Fransa prezidentinin arvadı birinci ledi olmayacaq

"The Telegraph" yazır ki, Fransa prezidentinin xanımı Brigitte Makron rəsmən ölkənin "Birinci ledisi" ola bilməyəcək.
Bu barədə məlumatı hökumət rəsmiləri veriblər.
Məqalədə deyilir ki, belə bir qərarın qəbulu, özünün seçki kampaniyasında arvadı üçün rəsmi vəzifə yaradacağını vəd etmiş Emmanuel Makrona pərtlik gətirəcək.
"The Telegraph" yazır ki, ictimaiyyət millət vəkillərinə öz xanımlarını köməkçi kimi işə götürməyi qadağan edən hökumətin, prezidentin xanımı üçün vəzifə yaradılması planlarına mənfi yanaşıb.
İndi isə son iki həftədə internetə qoyulmuş petisiyaya 280 min adam imza atdıqdan sonra hökumət xanım Makron üçün maaşlı vəzifə postu yaratmaq planlarından geri çəkilib.
Fransa hökumətinin sözçüsü Christophe Castaner Twitter postunda yazır ki, xanım Makronun rəsmi vəzifəsi olmayacaq.
"Brigitte Makronun rolu və vəzifələri var. Biz onun ixtiyarında olan vəsaitlər barədə son dərəcə şəffaf olacağıq" - yazıb sözçü.
Sözçü vurğulayıb ki, xanım Makron üçün konstitusiyaya dəyişiklik edilməyəcək, ayrıca fond yaradılmayacaq, ona maaş verilməyəcək".
39 yaşlı prezident Macron özünün seçki kampaniyasında xanımı Brigitte üçün birinci ledi postunun yaradılacağını vəd etmişdi.
Amma o vaxt da Makron demişdi: "Ona Respublikadan maaş ödənəcəkmi? - Yox! Onun rolu, real status və hərəkət imkanı olacaqmı? - Bəli".
Hökumət mənbələrindən France Press agentliyinə bildirilib ki, qarşıdan gələn günlərdə xanım Makronun roluna aydınlıq gətiriləcək, lakin birinci ledi postunun yaradılması məqsədilə konstitusiyaya düzəliş edilməyəcək.
Buna baxmayaraq, Fransa hökuməti Brigitte Makronun vergiödəyənə neçəyə başa gələcəyi barədə dəqiq məlumat verməyi planlaşdırır.
Hazırda Brigitte Macron-un sərəncamında üç köməkçi, iki katib və iki mühafizəçi var.
Keçmiş prezident Fransua Ollandın xanımı Valerie Trierweiler vergiödəyənə təkcə 2013-cü ildə 400 min avroya başa gəlmişdi.
İndiyədək heç bir Fransa prezidentinin arvadı rəsmən "birinci ledi" adlandırılmayıb.