
Payız özü ilə xəstəlikləri də gətirib
1 Oktyabr 23:47
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə ABŞ tərəfindən təqdim olunan İsraillə HƏMAS arasında sülh planı ( 21 bənddən ibarət sənədi) haqqında müzakirə aparıblar və razılaşma əldə olunub. Razılaşmanın praktiki olaraq təsbit olunması mümkündürmü?
“Xalq Cəbhəsi”nə mövzunu politoloqlarla araşdırıb.
“Ən kritik məqam HƏMAS-ın mövqeyidir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib ki, Tramp–Netanyahu görüşü və açıqlanan 20 maddəlik Qəzza planı, hər şeydən əvvəl, ABŞ-nin müharibəyə son qoymaqda həlledici rol almaq niyyətini göstərir: “Lakin bu təşəbbüsün həyata keçməsi üçün ən kritik məqam HƏMAS-ın mövqeyidir. Əgər təşkilat planı qəbul etməzsə, razılaşma kağız üzərində qalacaq. İsrail daxilində də planın qəbul olunması siyasi sabitliyi sarsıda bilər. Çünki Netanyahunun hökuməti uzun müddətdir sərt mövqe üzərində dayanır və güzəşt mesajı daxili siyasətdə zəiflik kimi qəbul edilə bilər. Bu isə koalisiyanın dağılması və yeni siyasi böhranın yaranması riskini artırır”.
“Plan daha çox siyasi təzyiq aləti kimi işləyəcək”
Z.Qarayeva diqqətə çatdırıb ki, beynəlxalq kontekstdə isə planın əhəmiyyəti böyükdür: “Avropanın və Yaxın Şərqin bir çox ölkələri sülhün bərqərar olmasına ümidlə yanaşsalar da, razılaşmanın davamlılığı üçün yalnız ABŞ-İsrail razılığı kifayət etmir. Burada Qətərin, Misirin və digər vasitəçilərin də rolu ön plana çıxır. Ümumilikdə, Trampın planı regional diplomatiyada yeni imkanlar yaratsa da, icrası həm İsrailin daxili siyasi dinamikasından, həm də HƏMAS-ın razılığından asılıdır. Bu səbəbdən, yaxın müddətdə plan daha çox siyasi təzyiq aləti kimi işləyəcək, real sülh mexanizminə çevrilməsi isə hələ açıq sualdır”.
“ABŞ-nin göstərəcəyi dəstək məsələsi çox önəmlidir”
Politoloq Samir Hümbətov bildirib ki, Trampla Netanyahu arasında baş tutan görüşdə əsas diqqət edilməli olan Qəzza məsələsi, ABŞ-nin İsrail ilə müttəfiqlik məsələsi, ABŞ-nin verəcəyi dəstək məsələsidir: “Yəni əsas müzakirə olunan məsələlər bu istiqamətlər üzrədir. Hər halda bu görüşdə Yaxın Şərqdə baş verən proseslər də müzakirə predmetidir, eyni zamanda, ABŞ-nin göstərəcəyi dəstək məsələsi çox önəmlidir”.
“Bu, Tramp və Netanyahu görüşünə təsir edən amillərdəndir”
S.Hümbətovun sözlərinə görə, Fələstin dövlətinin tanınmasından tutmuş Yaxın Şərqdə son baş verən proseslər hər biri müzakirə olunan mövzulardır: “Nəzərə almaq lazımdır ki, bir neçə gün öncə ABŞ və Türkiyə liderləri arasında da görüş keçirildi. Düşünürəm ki, bu da Tramp və Netanyahu görüşünə təsir edən amillərdəndir. Ona görə də Netanyahu Tramp görüşündə həm ikili münasibətlər, həm regional münasibətlər, Qəzza məsələsi, eyni zamanda İsrailin region dövlətlərinə münasibətləri və s. əsas müzakirə predmetlərindən biri olub”.
“Bu məsələlər HƏMAS tərəfindən qəbul edilməyəcək”
Siyasi şərhçi Taleh Əliyev qeyd edib ki, Tramp və Netanyahu görüşündə təklif olunan növbəti sülh planının ən mürəkkəb və mübahisələrə səbəb olacaq bəndləri heç şübhəsiz ki, Qəzzanın beynəlxalq müvəqqəti hökumət tərəfindən idarə olunması ideyası, eyni zamanda HƏMAS-ın və digər radikal qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunmasıdır: “Hesab edirəm ki, bu 3 məsələ xüsusilə də HƏMAS tərəfindən qəbul edilməyəcək məsələlərdir. Tramp hakimiyyətə yeni gələrkən bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və qəzzalıları oradan tamamilə çıxaracaq, ABŞ Qəzzanı öz nəzarətinə götürəcək. Qəzzada yenidən bu ideyanın oxşarı olan beynəlxalq hökumətin qurulması ciddi narahatlıq yaradan ideyadır”.
“Sülh ideyası gerçəkləşməyə bilər”
T.Əliyev əlavə edib ki, HƏMAS-ın və digər radikal qrupların bölgədən uzaqlaşdırılması məsələsinə gəlincə, onsuz da HƏMAS-ın ilk gündən dirəniş göstərdiyi məsələlərdən biri də HƏMAS-ın Qəzzanı tərk etməsidir: “Həmçinin HƏMAS-ın və Fələstin tərəfinin heç bir ciddi qarantiya əldə etmədən bütün girovları dərhal azad etməsi məsələsidir. Hesab edirəm ki, bütün bu tələblər qarşı tərəfdən qəbul olunmadığı üçün bu sülh ideyası da gerçəkləşməyə bilər”.
Röya İsrafilova