İsraildə İran üçün casusluqda şübhəli bilinən vətəndaş həbs edilib Dünya

İsraildə İran üçün casusluqda şübhəli bilinən vətəndaş həbs edilib

İsrail təhlükəsizlik orqanları İran kəşfiyyatı üçün işləməkdə şübhəli bilinən İsrail vətəndaşını həbs edib və dindirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə polis mətbuat xidməti məlumat yayıb.

“İran kəşfiyyatı ilə əlaqədə olduğu iddia olunan İsrail vətəndaşı yüksək rütbəli İsrail şəxsi barədə kəşfiyyat məlumatları toplamaq ittihamı ilə həbs edilib. Polis və Ümumi Təhlükəsizlik Xidməti tərəfindən son həftələrdə birgə əməliyyat çərçivəsində Fares Abu əl-Hidca həbs olunaraq dindirilib. Sorğu zamanı məlum olub ki, şübhəli şəxs xarici agentlə əlaqə saxlayıb, onun İran kəşfiyyatı ilə bağlı olduğunu düşündüyü və müxtəlif tapşırıqları yerinə yetirmək, o cümlədən İsrail Dövlətinin təhlükəsizliyinə zərər vurmaq məqsədilə kəşfiyyat məlumatları toplamaq üçün ondan pul alıb. Xarici agent İran kəşfiyyatına aid olaraq müəyyən edilib”, — deyə açıqlamada bildirilib.

Polis qeyd edib ki, şübhəli “yüksək rütbəli şəxslərə qarşı kəşfiyyat missiyası yerinə yetirərkən saxlanılıb”. Araşdırmanın nəticəsi olaraq 16 fevral tarixində ona ittiham irəli sürülüb.

Məryəm Quliyeva