Vyanada İranla yeni nüvə müzakirələri başlayır Dünya

Vyanada İranla yeni nüvə müzakirələri başlayır

Həsən Ruhani: "Sanksiya kasası qırılıb və təmir edilməsi mümkün deyil"

Bu gün Vyanada İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, budəfəki danışıqlar üç həftə davam edəcək. Müzakirələrdə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns də iştirak edəcək.
Qeyd edək ki, ötən il noyabrın 24-də İranla "altılıq" ölkələri arasında əldə olunmuş razılığa əsasən yekun nüvə anlaşmasının imzalanması üçün tərəflərin iyulun 29-dək vaxtı var.
İran prezidenti Həsən Ruhani isə dünən son 11 ayda xarici siyasət sahəsində atılan addımları müsbət qiymətləndirib.
"Mehr" xəbər agentliyinin məlumata görə, Həsən Ruhani bildirib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən zərər görmüş sənayenin bugünkü vəziyyəti daha da yaxşılaşıb: "Hazırda bütün sanksiyaların aradan qaldırılması istiqamətində addım atırıq. Artıq sanksiya kasası qırılıb və təmir edilməsi mümkün deyil. Dünyanın 6 gücü ilə müzakirə masası arxasına əyləşmiş nümayəndə heyətimiz lazımi təcrübəyə sahibdir. Biz qonşu ölkələrlə də əlaqələrin yaxınlaşdırılması və yaxşılaşdırılmasına çalışırıq. Eyni zamanda müharibələrin qarşısını almaq üçün səy göstəririk. Radikalizm, qarşıdurma, təhqir etmək və ölkələrin daxili işlərinə qarışmaq heç bir dövlətin xeyrinə deyil".